İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev dəvətini qəbul edib Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkürünü bildirib.
Hurriyyet.info xəbər verir ki, dövlət başçısı Şuşada slovakiyalı həmkarı ilə birgə mətbuata bəyanatla çıxışı zamanı ticarət, iqtisadi əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini vurğulayıb.
İlham Əliyev bundan sonra da münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu söyləyib:
"Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr apardıq. Nümayəndə heyətlərinin üzvləri daim təmasdadır. Slovakiya Prezidentinin səfəri sabah Bakıda davam etdiriləcək. Bir daha mənim dəvətimi qəbul etdiyi, səfərini Qarabağ etdiyi üçün ona təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimiz inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq".
Azərbaycan lideri əlavə edib ki, hər iki ölkə ikitərəfli münasibətlərə çox böyük önəm verir:
"Son illər ərzində çox güclü tərəfdaşlığın yaradıldığını deyə bilərəm. Eyni zamanda, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Slovakiyadan olan yüksək vəzifəli şəxslər arasında birinci insan idi – hələ əvvəlki vəzifədə olarkən Azərbayacan səfər etmişdir. Həm parlament sədri kimi, həm baş nazir kimi - prezident kimi də bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir. Bu gün də rəsmi səfərlə Azərbaycandadır".