İran və Ermənistan arasında 3 milyardlıq ticarət
İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçəcəyi bildirilir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İran parlamentinin deputatı Ara Şahverdiyan Tehranda erməni jurnalistlərlə görüşündə bu barədə açıqlama verib. O bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsini illik 3 milyard dollara çatdırmaq üçün ciddi potensial mövcuddur.
Şahverdiyanın sözlərinə görə, ötən il İran prezidenti Məsud Pezeşkianın İrəvana səfəri zamanı tərəflər arasında mühüm razılaşmalar əldə olunub. Gunaz.tv bildirir ki, daha sonra bu razılaşmalar İran İslam Respublikasının vitse-prezidenti Purməhəmmədinin Ermənistana son səfəri zamanı da təsdiqlənərək əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılıb.
Ara Şahverdiyan həmçinin qeyd edib ki, iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəf fəal iş aparır və qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.