📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsa Həbibbəyli akademik Ömər Eldarovu xəstəxanada ziyarət etdi - FOTO

2026-07-18 15:36:01

İsa Həbibbəyli akademik Ömər Eldarovu xəstəxanada ziyarət etdi - FOTO

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Klinik Xəstəxanada müalicə alan görkəmli heykəltaraş, akademik Ömər Eldarovu ziyarət edib.

Hurriyyet.info  xəbər verir ki, akademik İsa Həbibbəyli Ömər Eldarovun səhhəti ilə maraqlanıb, ona Akademiya əməkdaşlarının xoş arzularını çatdırıb, şəfa diləyib.

Həkimlər akademik Ömər Eldarovun yaxşı müalicə aldığını və səhhətinin normallaşdığını bildiriblər.

Görkəmli heykəltaraş, akademik Ömər Eldarov ona göstərilən diqqət və qayğıdan çox razı qaldığını bildirib və Akademiya üzvlərinə salamlarını çatdırmağı xahiş edib.

AMEA-nın prezidenti İsa Həbibbəyli akademik Ömər Eldarovu xəstəxanada ziyarət edib

Görkəmli heykəltaraş, akademik Ömər Eldarov KİMDİR... - DOSYE

Azərbaycan təsviri və monumental sənətinin canlı əfsanəsi olan Ömər Həsən oğlu Eldarov 21 dekabr 1927-ci ildə Dağıstanın Dərbənd şəhərində anadan olub.

O, ilk peşə təhsilini Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsində alıb, daha sonra isə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsini bitirərək sənətini təkmilləşdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq sərgi və müsabiqələrdə iştirak edən sənətkarın yaratdığı əsərlər hazırda dünyanın bir çox nüfuzlu muzeylərində nümayiş etdirilir.

Ömər Eldarov milli mədəniyyətimizin simasına çevrilən onlarla monumental abidənin müəllifidir. Onun Bakı şəhərində ucalan Xurşidbanu Natəvan (1960), Məhəmməd Füzuli (1963) və Hüseyn Cavidin (1993) heykəlləri Azərbaycan heykəltaraşlıq sənətinin şah əsərləri hesab olunur. Ustad sənətkar respublikamızın hüdudlarından kənarda da böyük layihələrə imza atıb. O, Sevastopolda Sapun dağı hücumu iştirakçılarına həsr olunmuş memorialın (1974), Düşənbədə Sədrəddin Ayni (1979) və İbn Sinanın (1980), Türkiyədə isə professor İhsan Doğramacı (Ankara, 2001) və ümummilli lider Heydər Əliyevin (Qars, 2001) heykəllərini ucaldıb.

O, həmçinin Fəxri Xiyabanda yerləşən bir çox görkəmli şəxsiyyətlərin xatirə və qəbirüstü abidələrinin müəllifidir. Bunların sırasına ulu öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva (məşhur "Elegiya" abidəsi), Üzeyir Hacıbəyov, Səttar Bəhlulzadə, Vaqif Mustafazadə, Niyazi, Süleyman Rəhimov, Fikrət Əmirov, Ziya Bünyadov, Həsən Əliyev, Lütfi Zadə və Arif Məlikov kimi dahi şəxsiyyətlərin qəbirüstü abidələri daxildir. Monumental əsərlərlə yanaşı, onun "Qızım Lalənin portreti", "Oğlum Müslümün portreti", "Analıq", "Bacılar" kimi kamera xarakterli, kiçik həcmli əsərləri də yüksək bədii dəyərə malikdir.

Yaradıcılıqla bərabər, Ömər Eldarov ölkənin ictimai-siyasi və pedaqoji həyatında da yaxından iştirak edib. O, 1958–1968-ci illərdə Rəssamlar İttifaqının Katibliyinin üzvü, 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı, 1995-ci ildə isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Heykəltaraş 1970-ci ildən SSRİ Rəssamlıq Akademiyasının Bakıdakı yaradıcılıq emalatxanasına rəhbərlik edərək bir neçə nəsil istedadlı rəssam yetişdirib. O, 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2001–2023-cü illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsində çalışıb. İctimai nüfuzunun göstəricisi olaraq, akademik 10 iyun 2015-ci ildə I Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirən fəxri şəxs olub.

Heykəltaraşın çoxillik fəaliyyəti istər SSRİ dövründə, istərsə də müstəqillik illərində ən yüksək səviyyədə qiymətləndirilib. O, "Azərbaycan SSR xalq rəssamı" (1982) və "Əməkdar incəsənət xadimi" (1962) fəxri adlarına, SSRİ Dövlət mükafatına (1980), "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenlərinə layiq görülüb. Müstəqil Azərbaycan Respublikasında isə ölkənin ali mükafatları olan "Heydər Əliyev" ordeni (2017), "İstiqlal" ordeni (1997), "Şərəf" ordeni (2012) və 1-ci dərəcəli "Əmək" ordeni (2022) ilə təltif edilib. Eyni zamanda Heydər Əliyev Mükafatı (2009), MDB-nin "Birlik ulduzları" mükafatı (2014) ilə mükafatlandırılan akademik, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2024).

Ömər Eldarovun ailəsində də sənət ənənələri davam edib. Onun ömür-gün yoldaşı Erna Eldarova 2018-ci ildə vəfat edib.

Oğlu Müslüm Eldarov (1956–2003) tanınmış heykəltaraş, rəngkar və qrafik rəssam olub, gəlini İrina Eldarova isə Azərbaycan Respublikasının əməkdar rəssamıdır.