📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib

2026-07-13 16:11:45

İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib

İsrailin işğal altındakı Qolan təpələrində hərbi mövcudluğunu gücləndirərək Kuneytra-Süveyda-Atil xətti boyunca təxminən 70 kilometrlik ərazini nəzarətə götürməyi planlaşdırdığı iddia edilir.

"AzPolitika" xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" suriyalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahunun ilin sonunadək keçirilməsi gözlənilən seçkilər ərəfəsində yeni hərbi uğurlar əldə etməyə çalışdığı və bu məqsədlə yeni əməliyyat planı hazırladığı bildirilir.

Xəbərdə qeyd olunur ki, İsrailin Energetika naziri Eli Koen Türkiyənin Suriyada hərbi baza yaratmasına icazə verməyəcəklərini bəyan edib

"Türklərin orada baza yaratmasına icazə verə bilmərik. Belə bir vəziyyətdə biz də həmin ərazilərdə yeni bazalar inşa edərik", – deyə nazir bildirib.

Məlumata görə, Türkiyə də Suriyanın cənubunda baş verən hadisələri yaxından izləyir. Bildirilir ki, Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz bölgədəki hərəkətliliyin diqqətlə izlənildiyini, Prezident Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik məsələləri ilə bağlı xüsusi göstərişlər verdiyini bildirib.

Qəzetin Ankara mənbələrinə istinadən yaydığı məlumata əsasən, Türkiyə Suriyanın sərhəd bölmələrinə zirehli texnika və elektron sistemlərin verilməsini davam etdirir. Həmçinin bəzi strateji məntəqələrdə müasir raket batareyaları və radar sistemlərinin yerləşdirilməsinin planlaşdırıldığı iddia olunur.

Xəbərdə fikirlərinə yer verilən bölgə üzrə ekspert Abdullah Manaz İsrailin Colan-Süveyda istiqamətində strateji hədəflərinin olduğunu irəli sürüb. Suriyalı fəal və tədqiqatçı Əbdürrəhman Dədə isə mümkün hərbi əməliyyatların təkcə Suriyaya deyil, bütün regiona təsir göstərə biləcəyini bildirib.