📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?

2026-07-21 20:47:30

İsti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?

Yaponiyanın "SDRS" və "Trusco Nakayama" şirkətləri yüksək temperatur şəraitində çalışan insanların istidən qorunması üçün nəzərdə tutulmuş "Do Hiemon Box" adlı fərdi sərinlədici kabini təqdim ediblər.

Qurğu xarici görünüşünə görə iri soyuducunu və ya satış avtomatını xatırladır və bir nəfərin daxil ola biləcəyi kabin şəklində hazırlanıb.

"Do Hiemon Box" ilk növbədə tikinti, zavod, anbar və digər yüksək temperaturun hökm sürdüyü iş yerlərində çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Kabin tam kondisioner sistemi quraşdırmadan bədənin temperaturunu qısa müddətdə aşağı salmağa imkan verir.

Kabinin daxilində temperatur təxminən 15 dərəcə Selsi səviyyəsində saxlanılır. İstifadəçi oturacağa əyləşdikdən sonra sistem baş, boyun, çiyin və bel nahiyəsinə təxminən 5 dərəcəlik sərin hava axını yönəldir. İstehsalçıların bildirdiyinə görə, sərinlədici təsir cəmi beş dəqiqədən sonra hiss olunur, on dəqiqəlik istifadə isə orqanizmin həddindən artıq qızması riskini azaltmağa kömək edir.

Qurğu üç iş rejimi ilə təchiz edilib və orqanizmin həddindən artıq soyumasının qarşısını almaq üçün 20 dəqiqədən sonra avtomatik söndürülür. Kabinin quraşdırılması mürəkkəb deyil, daşınması üçün təkərlərlə təchiz olunub və mobil kondisionerlərlə müqayisədə təxminən iki dəfə az enerji sərf edir.

Şirkətlər "Do Hiemon Box"un yalnız sənaye müəssisələrində deyil, həmçinin kütləvi tədbirlərdə, məktəblərdə, ticarət mərkəzlərində və soyutma sistemlərinə yüksək tələbat olan digər məkanlarda da istifadə olunacağını gözləyirlər.

Qurğunun satış qiyməti 1,5 milyon yendir. Bu da təxminən 16 min manata bərabərdir./Qaynarinfo