📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kapital bazarlarına çıxış daha əlçatan olacaq” - Razi Nurullayev

2026-07-07 12:51:12

“Kapital bazarlarına çıxış daha əlçatan olacaq” - Razi Nurullayev

“Kraudfandinq haqqında” qanun layihəsi sadəcə növbəti hüquqi sənəd deyil. Əgər bu sahə bürokratik əngəllərə, inzibati süründürməçiliyə və bazarda müəyyən təcrübəsi olanların yaratdığı inhisarçılığa qurban verilməzsə, bu qanun ölkəmizin rəqəmsal iqtisadiyyat ekosistemində, xüsusilə startapların və kiçik sahibkarlığın maliyyələşdirilməsində inqilabi dönüşün hüquqi təməlini qoyacaq.

Hurriyyet.info -nun məlumatına görə, bunu Milli Məclisdəki müzakirələr zamanı deputat Razi Nurullayev deyib.

Deputat ardınca bildirib:

“Hamımıza məlumdur ki, yaxşı ideyası olan gənclərimiz və startaplarımız bankdan kredit almaq istəyəndə ağır girov tələbləri və yüksək faizlərlə üzləşirlər. Bu qanun isə onlara rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq, öz ideyalarını həyata keçirmək üçün alternativ maliyyə imkanı yaradır.

Bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olacaq. Ümid edirəm ki, bu sahəyə həqiqətən də sərbəstlik veriləcək, əlavə maneələr yaradılmayacaq və sağlam rəqabət təmin olunacaq. Belə olan halda, artıq təkcə böyük şirkətlər və imkanlı investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə, onun inkişafında pay sahibi ola biləcək. Bu, həm insanların yığımlarının iqtisadiyyata cəlb olunmasına, həm də yeni ideyaların daha sürətlə reallaşmasına ciddi töhfə verəcək.

Bunun üçün elə bu gündən hamımız qolumuzu çırmalayıb maarifləndirmə işlərinə başlamalıyıq. Çünki cəmiyyətimizin bu sahədə bilik və məlumat səviyyəsi hələ də çox aşağıdır. İnsanlar həm imkanları, həm də riskləri düzgün başa düşməlidirlər ki, düzgün qərarlar verə bilsinlər”.

R.Nurullayev layihənin müsbət cəhətlərindən bəhs edib:

“Layihədə həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanı nəzərdə tutulur. Eyni zamanda, investorların vəsaitinin qorunması, məlumatların açıq şəkildə təqdim edilməsi və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq edilməsi kimi vacib qaydalar da qanunda öz əksini tapıb. Amma bir narahatlığı da deməliyik: bu qanun həddindən artıq bürokratik tətbiq olunsa, məqsədinə çatmayacaq. Əgər platforma yaratmaq üçün aylarla icazə gözləmək, çoxsaylı sənəd toplamaq, hər xırda dəyişiklik üçün ağır prosedur keçmək lazım olacaqsa, bu sahə inkişaf etməyəcək. Kraudfandinqin ruhu çeviklikdir. Startapın vaxtı yoxdur; ideya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır.

Deməyim odur ki, ən azı bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesi mümkün qədər sadə olmalıdır. İlkin mərhələdə müəyyən səhvlərin olması qaçılmazdır, çünki bu sahədə təcrübəmiz hələ yoxdur. Ona görə də bazara giriş üçün imkan yaradılmalı, sonrakı mərhələdə isə təbii seçilmə prosesi getməlidir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ciddi nəzarət həyata keçirilməlidir ki, dələduzlar və maliyyə fırıldaqçıları insanların maliyyə savadsızlığından istifadə edərək onları aldatmasın.

Ona görə də təklif edirəm ki, qanunun icrasında üç əsas prinsip rəhbər tutulsun: sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi. İnsan bilməlidir ki, kraudfandinq bank əmanəti deyil, burada risk də var, yüksək gəlir əldə etmək imkanı da”.