Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb.
Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. Nihat Kahveci və həyat yoldaşı arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Restoranda başlayan mübahisədən sonra Fulya Sever Kahveci məkanı tərk edib.
İddialara əsasən, Nihat Kahveci avtomobili ilə onun arxasınca gedərkən yol-nəqliyyat hadisəsinə qarışıb. Məlumatlarda onun alkoqollu olduğu da qeyd olunur. Bu iddialarla bağlı yekun istintaq nəticəsi hələ açıqlanmayıb.
Hadisədən sonra Fulya Sever Kahveci sosial media hesabında yayımladığı açıqlamada həyat yoldaşının ona qarşı zorakılıq tətbiq etmədiyini bildirib.
"2018-ci ildən evliyik və iki övladımız var. Münasibətimizi hər zaman sevgi və hörmət çərçivəsində qorumuşuq. Həyat yoldaşımın mənə qarşı zorakılıq göstərməsi mümkün deyil. Bu cür yalan xəbərləri qınayıram. Ən azından soruşa bilərdiniz", – o qeyd edib.
Sonradan isə paylaşımını silib.
İstintaq çərçivəsində F. Kahvecinin şikayətçi olmadığı, tibbi ekspertiza üçün müraciət etməkdən və ifadə verməkdən imtina etdiyi bildirilir.
Sabiq futbolçu isə ifadə verdikdən sonra sərbəst buraxılıb.
46 yaşlı Nihat Kahveci futbol karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Socyedad" və "Vilyarreal" klublarında çıxış edib. O, 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurduqdan sonra idman şərhçisi kimi fəaliyyət göstərməyə başlayıb.