"Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin" - Abdal-Gülablı sakinləri kömək istəyir
Ağdam rayonunun Abdal-Gülablı kənd sakinləri kənd ərazisində yeni daş karxanasının açılması planına etiraz edirlər. Sakinlər əlaqədar dövlət strukturlarına müraciət ünvanlayıblar.
Sakinlər müraciətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş hərbçilərin xatirəsini yad edərək, Abdal-Gülablının Qarabağın tarixi yaşayış məntəqələrindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, kənd hər iki Qarabağ müharibəsində 23 hərbi, 10 mülki şəhid verib, 24 qazisi və 108 veteranı var.
Müraciətdə bildirilir ki, işğal dövründə erməni hərbçilər kənddə ciddi dağıntılar törədilib, təbiətə və tarixi abidələrə ziyan vurublar. Sakinlərin sözlərinə görə, kəndin simvollarından hesab olunan "Məşədi Abbas qayası" da qanunsuz şəkildə daş karxanasına çevrilib.
Kənd sakinləri iddia edirlər ki, hazırda Türkiyə vətəndaşı İbrahim İpək adlı iş adamı Abdal-Gülablı ərazisində yeni daş karxanası açmaq niyyətindədir və bunun üçün müvafiq lisenziya əldə etdiyi bildirilir.
Müraciətdə vurğulanır ki, Abdal-Gülablı uzun illər kurort potensialı ilə seçilən yaşayış məntəqəsi olub və kəndin mərkəzində karxana fəaliyyətinin bərpası həm ekoloji mühitə, həm də gələcək yaşayış və turizm perspektivlərinə mənfi təsir göstərə bilər.
Sakinlər hesab edirlər ki, tikinti materiallarına ehtiyacın ödənilməsi üçün yeni karxananın məhz Abdal-Gülablıda deyil, yaxınlıqdakı Korabəy daş yatağı kimi mövcud sənaye ərazilərində fəaliyyətin genişləndirilməsi daha məqsədəuyğun olardı.
Müraciət müəllifləri ölkə rəhbərliyindən məsələni nəzarətə götürməyi, kənd ərazisində daş karxanasının açılmasına imkan verilməməsini və Abdal-Gülablının təbii-landşaft xüsusiyyətlərinin qorunmasını xahiş ediblər.