Kiyevdə hərbi inqilab: Ukrayna dron istehsalını ağlasığmaz həddə çatdırır
Ukrayna hərbi-sənaye sahəsində qlobal miqyasda görünməmiş bir sıçrayışa imza atır.
Hurriyyet.info xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı planlarını tamamilə yeni səviyyəyə qaldırdıqlarını bəyan edib. Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən təntənəli tədbirdə çıxış edən dövlət başçısı ölkənin hərbi potensialının skeptiklərə ən yaxşı cavab olduğunu vurğulayıb.
Zelenski çıxışında dövlətin hərbi hədəflərinə qarşı əvvəllər dünyada mövcud olan inamsızlığı xatırladıb: "Mən ilk dəfə dövlətin planını — ildə 1 milyon dron istehsalını açıq şəkildə elan edəndə həm ölkə daxilində, həm də xaricdə böyük şübhələr var idi. Amma biz indi faktı konstatasiya edə bilərik: Ukrayna artıq ildə 10 milyon dron istehsal edir. Bəli, düz 10 milyon! Tezliklə bu rəqəm 20 milyona çatacaq", — deyə prezident qətiyyətlə bildirib.
Ukraynanın hərbi texnologiyalar sektorunda (miltech) baş verən bu sürətli artım, yerli mütəxəssislərin və sənaye müəssisələrinin gecə-gündüz fəaliyyəti sayəsində cəbhədəki hərbi güc balansını Ukraynanın xeyrinə köklü şəkildə dəyişməkdədir.