Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
Türkiyə Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri sisteminin hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.
Hurriyyet.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Fidanın sözlərinə görə, mümkün sülh nizamlanmasının müzakirəsi çərçivəsində Ukrayna üçün quru, dəniz və hava komponentlərini ehtiva edən təhlükəsizlik zəmanətləri əsas məsələlərdən biri olaraq qalır.
"Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələdə müttəfiqlərimizlə aramızda qarşılıqlı anlaşma var. Həmçinin müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə planlı işlər aparılır", - deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, bundan əvvəl Ankaranın gələcək sülh sazişinin təmin edilməsində mümkün iştirak formaları müzakirə olunub və Türkiyə dəniz istiqamətinin koordinasiyasını öz üzərinə götürməyə hazır olduğunu ifadə edib.
Fidanın sözlərinə görə, hazırda bu istiqamətdə müttəfiqlərlə sıx əməkdaşlıq şəraitində işlər davam etdirilir.