“La-Skala”da ariya oxumalıydı, Zobucuqda yasin oxuyur
Bir aydır ki, gözümüzü onun-bunun oynadığı futbol matçlarına dikmişik, arada xoruz döyüşdürür kimi Messi və Ronaldonu, Yamal və Mbappeni, Haaland və Keyni döyüşdürürük.
Axırda dərin təəssüf hissi ilə eitaf edirik ki, yaşıl meydanlarda parıldayan çəhrayı butslar içində butsumuz yoxdur.
Yenə bir az qardaş türklərlə qürur duyurduq, vaxtsız-vədəsiz ələndilər, üzümüzü İranı təmsil edən azərbaycanlı qardaşlara çevirirdik ki, onlar da zavala gəldilər.
Adama elə gələ bilər (çoxlarına elə də gəlir) ki, bizdə, Abşeron və Anadolu yarımadalarının camaatı demişkən, futbol oynayan qıç yoxdur. Amma elə deyil. Nceə olur, digər idman növlərində cəngavər idmançılarımız var, amma futbolda yoxdur? Yaponları karatedə, çinliləri taekvondoda, yunan və romalıları Yunan-Roma güləşində məğlub edən idmançılarımız N qədərdir. Amma keçən il futbolda Kuba tərəflərdə, okeanın ortasında yerləşən, adı da yadımdan çıxmış adanın futbolçularına uduzduq.
Bu və digər sahələrdə uğursuzluğumuzun dərin səbəbləri var. Məncə, bir səbəb də mental düşüncəmizlə bağlıdır. Bu düşüncə sistemi beynəlxalq səviyyədə ad-san qazanacaq istedadlarımızın parlamasına imkan vermir. Biz iddiası və hədəfi kiçik, dərinə getməyən, zirvəyə dırmaşmağı sevməyən, çətinliklərə sinə gərməyi vacib saymayan, aza qane olan, “buna da şükür” deyən adamlarıq. İnadkarlıq, məqsədyönlülük nə gəzir? Bizimkilər 39-41 yaşlı məşhur futbolçular kimi sərasər məşq edərlərmi? Əsla. Bizimkilərin dərdi lüks maşınlarda 140-la şütümək, kafelərdə qəlyan çəkmək, “Hollivud”da civilərlə əylənməkdir.
“Hollivud” söhbətini bilən bilir, bilməyən də bilsin ki, 2-3 ay əvvəl tanınmış futbolçularımızdan bir-ikisini “Hollivud”da kinoya (yəni videoya) çəkildiklərinə görə cəzalandırıblar. Cavanlıq edirmişlər. Bizimki budur. Onlar Ronaldo yaşına gələndə qarınlı, buxaqlı, ağsaqqal kişilər olacaqlar, elçiliyə-filana gedəcəklər.
Bu günlərdə istedadlı adamlarımızın iddiasızlığını şəxsən gördüm və artıq əminəm ki, bizi inkişaf etməyə qoymayan amillərdən biri də “az aşm, ağrımaz başım” fəlsəfəsidir.
Deməli, iyulun 5-də Füzulinin Zobucuq qəsəbəsində bir yaxın adamın il mərasimində idim. Hüzr yiyəsi ilə talvarın altında oturub söhbət edirdik. Məclisə 40+ yaşda, boy-buxunu və sifət quruluşu ilə məşhur xanəndəmiz Təyyar Bayramova oxşayan bir molla gəldi, sağımda, başdan oturdu. O, avazla Quran surəsi oxuyanda səsindən tanıdım. İki ay əvvəl onun apardığı bir hüzr məclisində də olmuşdum. O səsi min səsin içindən seçmək olar. O səsdən Azərbaycanda yoxdur, olsa-olsa İtaliyada olar, ya olmaz. Səs deyirəm sizə, ərşə-gürşə çıxır. Adam stadionda oxusa, mikrofon lazım olmaz.
Nəhayət, molla qardaş yas məclisində nə oxunmalıdırsa, oxudu, bitirdi, ehsanatın nuş edilməsinə rüsxət verdi. Biz vəfat edən qardaşı ilə onun Mingəçevirdə yaşadığı vaxtda bəhs edəndə tenor səsli molla söhbətə qarışdı. Məlum oldu ki, o, valideynləri ilə Füzulidən didərgin düşəndən sonra Mingəçevirdə yaşayıb, orada məktəbə gedib, böyüyüb, sonra yenidən Füzuliyə qayıdıb. Ta söhbət açılmışdı, ona görə də qardaşdan soruşdum ki, nə əcəb bu səslə musiqi aləmində uğur qazanmağa çalışmayıb. Dedim, sən bu səslə La-Skalada Pavorotti ilə, Karreras və Dominqo ilə tərəf-müqabil olmalıydın. Bax, dedim, gənc qazax balası Dimaş Xudaybergen səsi ilə dünyanı fəth edə-edə gedir. Qardaş heç bir təəssüf hissi keçirmədən dedi, nə bilim, heç əvvəldən o sahəyə meyl etmədim, çətinlikləri çox idi.
Allah kömək olsun, bu səsin qabağında hansı çətinlik ola bilərdi?
Öz səsinin əzəmətini, unikallığını bilən molla qardaş daha sonra təvazökarcasına iki detal dilə gətirdi. Heç demə, Mingəçevirdə iki kolonka onun səsinin desibelinə tab gətirməyib, yanıb. Bir də hansısa hüzr məclisində avazla Quran oxuyandan sonra xanəndə Mənsum İbrahimovla Təyyar Bayramov heyrət içində ona yaxınlaşıblar ki, bu nə səsdir belə.
Heç nə. Daha gecdir, Azərbaycan və dünya musiqisi bir fenomenal səs itirib, əvəzində Füzuli camaatı zil səsli, xoş avazlı molla qazanıb. Ona bu da bəsdir, pulunu qazanır, asudə həyatını yaşayır. Dünya turnesinə çıxmaq, Hollivud ulduzları ilə oturub-durmaq istəmir.
Əmin olun ki, bu saat kənd-kəsəkdə, küçə və məhəllələrdə Messinin, Yamalın, Haalandın ağzını açıq qoyacaq dərəcədə gözəl futbol oynayan istedadlı uşaq və yeniyetmələr var, amma yiyələri yoxdur. Çoxunu heç uşaq idman məktəblərinə götürmürlər, bəziləri də hansısa klubda futbol oynamağa başlayır, bir az pul qazanandan sonra lüks avtomobil alır, məşqin başını buraxır, “Hollivud”da qəlyan çəkməyə gedirlər.
**
Dünya köhnə dünyadır, batıb gedən istedadları təzədir.