📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lavrov-Bayramov görüşünün pərdəarxası: Moskva Bakıdan nə istəyəcək?

2026-07-17 14:33:52

Lavrov-Bayramov görüşünün pərdəarxası: Moskva Bakıdan nə istəyəcək?

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Məlumata görə nazirlər əvvəlcə təkbətək formatda danışıqlar aparıblar. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.

Danışıqlar zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik, Cənubi Qafqazda baş verən proseslər, eləcə də beynəlxalq gündəmdə yer alan aktual məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşün yekununda Ceyhun Bayramov və Sergey Lavrovun birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.

Bəs bu görüş Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? Tərəflərin hansı mesajları verməsi gözlənilir və danışıqların nəticələri regiondakı siyasi proseslərə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:

"Rusiyanın son dövrlərdə atdığı addımlar fonunda Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artdığı müşahidə olunur. Son hadisələr də bunu bir daha göstərir. Belə ki, Rusiyada göyərtəsində 15 nəfər azərbaycanlı dənizçinin olduğu tanker sıradan çıxarılıb. Bundan əvvəl də müxtəlif səviyyələrdə bir sıra xoşagəlməz hadisələr yaşanmışdı.

Eyni zamanda, Rusiyanın bəzi regionlarından azərbaycanlıların mərhələli şəkildə deportasiyası prosesinin başladığı barədə məlumatlar yayılır. Hətta deportasiya olunan şəxslərin bir qisminin birbaşa Azərbaycana deyil, Çeçenistana göndərildiyi bildirilir.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Əslində isə bu cür addımlar ilk növbədə Rusiyanın öz maraqlarına zərbə vura bilər. Çünki Rusiyada tikinti, kənd təsərrüfatı, topdansatış bazarları, ticarət və xidmət sektorunda azərbaycanlı sahibkarların və əmək miqrantlarının mühüm rolu var. Bu sahələrin fəaliyyətində onların əməyi və iqtisadi fəallığı ciddi paya malikdir. Ona görə də azərbaycanlıların sıxışdırılması və ya ölkədən çıxarılması həmin sektorların fəaliyyətinə mənfi təsir göstərə bilər.

Əgər Rusiya həqiqətən də Azərbaycana münasibətdə belə bir siyasi xətt seçibsə, bunun uzunmüddətli perspektivdə Rusiyanın özünə fayda gətirəcəyinə inanmaq çətindir. Azərbaycanlılar başqa ölkələrdə və ya Azərbaycanda özlərinə yeni fəaliyyət imkanları tapa bilərlər, lakin yaranacaq boşluğun Rusiyanın özü üçün hansı nəticələr doğuracağı ayrıca qiymətləndirilməlidir.

Hazırda Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir. Yəqin ki, əsas müzakirə mövzularından biri də son dövrdə iki ölkə arasında yığılıb qalmış problemlər və onların aradan qaldırılması yolları olacaq.

Sergey Lavrov tez-tez "yığılıb qalmış problemlərin müzakirəsi və onların həlli yollarının axtarılması" ifadəsini işlədir. Halbuki bu problemlərin əhəmiyyətli hissəsinin yaranmasına səbəb olan addımların da məhz Rusiya tərəfindən atıldığı müşahidə olunur. Dövlətlərarası münasibətlərdə gərginliyin artması, qarşıdurma mühitinin formalaşması və münasibətlərin süni şəkildə soyudulması da bu siyasətin nəticəsi kimi qiymətləndirilir. Bu səbəbdən bu görüşdən sonra münasibətlərdə köklü dönüş baş verəcəyini proqnozlaşdırmaq çətindir".

Professor qeyd edib ki,  Rusiya hazırda iqtisadi və xüsusilə kənd təsərrüfatı sahəsində ciddi problemlərlə üzləşib:

"Yanacaq çatışmazlığı, dizel və sürtkü materiallarının qıtlığı, eləcə də kombayn və peşəkar sürücü çatışmazlığı səbəbindən Stavropoldan Krasnodara qədər geniş ərazilərdə taxıl biçini ləngiyir. Bəzi sahələrdə məhsul vaxtında yığılmadığı üçün yağışlar nəticəsində itkilər artır.

Belə bir vəziyyətdə Rusiyanın Azərbaycandan benzin, dizel yanacağı, sürtkü yağları və hətta kənd təsərrüfatı texnikası ilə bağlı dəstək istəyə biləcəyi ehtimal edilir. Lakin hesab edirəm ki, Azərbaycanın Rusiyaya yanacaq ixracını artırması real görünmür. Kənd təsərrüfatı texnikası ilə bağlı müəyyən əməkdaşlıq mümkün olsa da, yanacaq məsələsində Azərbaycanın ilk növbədə öz milli maraqlarını nəzərə alması vacibdir.

Bundan başqa, Rusiyada xüsusilə təzə meyvə-tərəvəz məhsullarının qıtlığı müşahidə olunur. Ermənistanın bu bazara göndərdiyi məhsullarla bağlı da problemlərin yarandığı bildirilir. Belə şəraitdə Rusiyanın Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulu ixrac etməyi xahiş etməsi mümkündür.

Ancaq bütün bu məsələlər yalnız qarşılıqlı maraqlar əsasında, ölçülüb-biçilmiş şəkildə həll edilməlidir. Azərbaycanın daxili bazarının tələbatı tam təmin olunmadan ixracın artırılması doğru yanaşma olmaz.

Azərbaycan Rusiya ilə mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Lakin hər hansı dövlətin Azərbaycana göstəriş verməsi və ya birtərəfli qaydada tələblər irəli sürməsi qəbuledilməzdir.

Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biridir və beynəlxalq münasibətlər sistemində də orta güc statusuna malik ölkə kimi qəbul olunur. Azərbaycanın artan siyasi, iqtisadi və diplomatik çəkisi nəzərə alınmalı, onun milli maraqlarına hörmətlə yanaşılmalıdır".