Lavrovdan anons - Moskva və Tehran masaya oturur
Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfəri gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında məlumat verib.
Məlumdur ki, Lavrovun İrana gözlənilən səfəri regionda mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir vaxta təsadüf edir. Moskva ilə Tehran arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyi, Yaxın Şərqdə təhlükəsizlik gündəliyinin, Cənubi Qafqazdakı proseslərin və Qərblə münasibətlərdə gərginliyin davam etdiyi şəraitdə bu səfər xüsusi maraq doğurur. Rəsmi Tehran hələlik səfərin tarixini açıqlamasa da, onun hazırlanması faktı artıq diqqət mərkəzinə çevrilib.
Lavrov Tehrana hansı gündəmlə gedir? Danışıqlarda nələr müzakirə oluna bilər?
![]()
Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında təbii proseslərin yaşandığını diqqətə çatdırdı: “Rusiya nümayəndə heyətinin İrana səfər etməsi mövcud şəraitdə tamamilə təbiidir. Çünki Rusiya ilə İranın xarici siyasətdə çoxlu ortaq maraqları və kəsişən mövqeləri var. Bu ortaq məqamların ən önəmlilərindən biri ondan ibarətdir ki, hər iki ölkə ABŞ-ın və ümumilikdə Qərbin dünya nizamı ilə bağlı irəli sürdüyü dəyərləri və idarəetmə modelini qəbul etmir. Xüsusilə, son atəşkəsdən sonra, hətta müəyyən razılaşmaların imzalanacağına dair ümidlərin yarandığı bir dövrdə belə, yaxın perspektivdə yeni silahlı münaqişə ehtimalının qalması təbii müttəfiqləri bir-birinə daha da yaxınlaşdırır. Bu baxımdan Rusiya ilə İran arasında əməkdaşlığın dərinləşməsi normal prosesdir. Çünki bu tərəfdaşlıq əsasən ABŞ və Qərbin regional təsirinə qarşı formalaşan geosiyasi maraqlara söykənir. Belə bir şəraitdə Azərbaycan da öz təhlükəsizliyini təmin etmək məqsədilə paralel xarici əlaqələrini gücləndirməli, müttəfiq və tərəfdaş şəbəkəsini genişləndirməlidir. Eyni zamanda milli maraqlarını qorumalı və istənilən regional münaqişəyə birbaşa və ya dolayı yolla cəlb olunmamaq üçün balanslı siyasət yürütməlidir. Rəsmi Bakının hazırkı xarici siyasəti də məhz bu istiqamətdə inkişaf edir”.