📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ləman Ələşrəfqızının başına gələn hər kəsin başına gələ bilər – XƏBƏRDARLIQ

2026-07-02 21:01:07

Ləman Ələşrəfqızının başına gələn hər kəsin başına gələ bilər – XƏBƏRDARLIQ

Son illər Azərbaycanda kiberdələduzluq halları sürətlə artır və dələduzlar hər dəfə daha fərqli üsullara əl atırlar. Əvvəllər əsasən bank kartı məlumatlarını ələ keçirməyə çalışan fırıldaqçılar indi sosial şəbəkə və messencer hesablarını oğurlayaraq insanların etibarından sui-istifadə edirlər.

Son belə hadisələrdən biri də tanınmış jurnalist Ləman Ələşrəfqızının başına gəlib. O, tanışı hesab etdiyi şəxsin adına açılmış saxta teleqram hesabından gələn mesaja inanaraq ümumilikdə 600 manat pul köçürüb. Sonradan məlum olub ki, həmin hesab kiberdələduzlar tərəfindən ələ keçirilib. Daxili İşlər Nazirliyi faktın araşdırıldığını bildirib.

Bəs bu cür dələduzluq sxemləri necə işləyir və insanlar niyə belə tələlərə düşür?

Mesajın həqiqətən tanış şəxsdən gəldiyini necə yoxlamaq olar? Teleqram və digər messencer hesablarının oğurlanmasının qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? Polis belə kiberdələduzların izinə düşə və onları müəyyən edə bilirmi? Köçürülmüş pulu geri qaytarmaq hansı hallarda mümkündür? Zərərçəkən ilk dəqiqələrdə hansı addımları atmalıdır ki, vəsaitin geri qaytarılması şansı artsın? Banklar və hüquq-mühafizə orqanları bu prosesdə hansı səlahiyyətlərə malikdir?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb:

WhatsApp Image 2026-07-02 at 16.23.13.jpeg (115 KB)

“Burada diqqət çəkən məqam odur ki, dələduz özünü tamamilə yad biri kimi təqdim etməyib. Əksinə tanınmış bir şəxsin hesabından yazaraq qarşı tərəfdə inam yaradıb. Bu gün bu üsul sosial mühəndislik adlanır və dünyada ən geniş yayılmış kiberdələduzluq metodlarından biridir. Belə hallardan qorunmağın ən sadə, amma ən effektiv yolu tələsməməkdir. Sizə yaxın dostunuzun, qohumunuzun və ya tanınmış bir şəxsin adından pul istənilirsə, bunu dərhal icra etmək əvəzinə həmin şəxslə başqa rabitə vasitəsi ilə əlaqə saxlayın. Bir telefon zəngi və ya adi mobil nömrəyə yazılan qısa mesaj bəzən yüzlərlə, hətta minlərlə manatlıq zərərin qarşısını ala bilir. Unutmayaq ki, kiberdələduzlar məhz insanın emosional vəziyyətindən istifadə edirlər. Xəstəxanadayam, təcili kömək lazımdır, indi göndər, sonra danışarıq kimi ifadələr bilərəkdən seçilir. Məqsəd isə insanın düşünməsinə vaxt verməməkdir”.

Polisin bu cür dələduzları müəyyən etməsinə gəldikdə isə, İKT mütəxəssisi bunun mümkün olduğunu deyib:

“Rəqəmsal cinayətlər tamamilə izsiz olmur. Pulun köçürüldüyü bank hesabları, kart məlumatları, IP ünvanları, cihaz izləri, telefon nömrələri və digər rəqəmsal sübutlar hüquq-mühafizə orqanlarının araşdırmasına kömək edə bilər. Xüsusilə vəsait bank sistemi vasitəsilə hərəkət edibsə, həmin maliyyə axınını izləmək mümkündür. Lakin cinayətkarlar oğurlanmış hesablar, saxta sənədlər və ya xarici platformalardan istifadə etdikdə araşdırma daha mürəkkəb və vaxt aparan olur. Pulun geri qayıtması isə bu hadisənin nə qədər tez aşkar edilməsindən asılıdır. Əgər vətəndaş dərhal bankına və hüquq-mühafizə orqanlarına müraciət edərsə, bəzi hallarda vəsaitin hərəkətini dayandırmaq və ya müəyyən hissəsini geri qaytarmaq mümkün ola bilər. Amma dələduz pulu qısa müddətdə başqa hesablara və ya xarici platformalara köçürərsə, proses xeyli çətinləşir. Buna görə də belə hallarda hər dəqiqə əhəmiyyətlidir”.