📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ləman Ələşrəfqızının pulunu oğurlayan kiberdələduz saxlanıldı, pul geri qaytarıldı – Polis Günündə vətəndaşa sevinc yaşadan əməliyyat

2026-07-03 10:16:09

Ləman Ələşrəfqızının pulunu oğurlayan kiberdələduz saxlanıldı, pul geri qaytarıldı – Polis Günündə vətəndaşa sevinc yaşadan əməliyyat

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində kiberdələduzluq faktı üzrə təqsirləndirilən şəxs saxlanılıb, zərərçəkmiş vətəndaşın pulu isə geri qaytarılıb.

Musavat.com xəbər verir ki, bu barədə zərərçəkmiş, tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial media hesabında məlumat yayıb.
O bildirib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı İsfəndiyar Abbasov onunla telefon əlaqəsi saxlayaraq kiberdələduzun tutulduğunu və oğurlanmış vəsaitin bank kartına geri köçürüldüyünü bildirib. Ləman Ələşrəfqızı qeyd edib ki, cinayətkarın şəxsiyyəti barədə hələlik ona məlumat verilməyib. Bununla belə, istintaqın gedişində həmin şəxslə üzləşmək imkanının yaranacağını düşünür.

Ləman Ələşrəfqızı Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməliyyatda iştirak edən polis əməkdaşlarına təşəkkürünü ifadə edib:

"Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng edərək kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii ki, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq. Hələliksə, cənab nazir Vilayət Eyvazova, Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu gün – 2 iyul Polis Günündə Azərbaycan polisi yenə də işinin başında olduğunu göstərdi və məni sevindirə bildi. Allah da onları sevindirsin".

Qeyd edək ki, tanınmış jurnalist Ləman Ələşrəfqızı ötən gün kiberdələduzluğun qurbanı olub. 

O bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:

"Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim".

Jurnalist, ümumilikdə 600 manat göndərməklə dələduzluğun növbəti qurbanına çevrilib.

Son illər ölkədə kiberdələduzluq halları ilə mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən çoxsaylı əməliyyatlar həyata keçirilir. Vətəndaşlara vurulan maddi ziyanın ödənilməsi, cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində görülən tədbirlər nəticəsində çoxsaylı faktlar üzrə zərərçəkənlərin hüquqları bərpa edilir.
DİN bir daha vətəndaşlara naməlum zənglərə, saxta internet səhifələrinə, sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində göndərilən şübhəli keçidlərə qarşı diqqətli olmağı, bank kartı məlumatlarını heç kimlə paylaşmamağı tövsiyə edir.