📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lift faciəsi yaşanan "Tamstore"da araşdırma – FHN-in icazəsi olmadan necə işləyib? – REPORTAJ, FOTO

2026-07-07 16:11:39

Lift faciəsi yaşanan

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Minimol" ticarət mərkəzində fəaliyyət göstərən "Tamstore" mağazasında baş vermiş ağır lift qəzası təkcə bir işçinin faciəsi deyil, həm də təhlükəsizlik qaydalarının necə təmin olunduğu ilə bağlı ciddi suallar yaradıb.

Hadisə zamanı mağazanın meyvə şöbəsində çalışan, 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Kərimov iş başında olarkən yük liftinə minib. İddialara görə, meyvə tərəzisini 3-cü mərtəbədən 1-ci mərtəbəyə endirmək istəyən işçi liftin trosunun qırılması nəticəsində kabinə ilə birlikdə böyük sürətlə aşağı çırpılıb və ağır bədən xəsarətləri alıb. Hadisənin təfərrüatları barədə daha əvvəl Musavat.com-da dərc olunan araşdırmada məlumat vermişdik.

Bəs indi həmin ticarət mərkəzində vəziyyət necədir? Qəzanın baş verdiyi liftin aqibəti necə olub? Hər gün bu mərkəzə gələn insanlar üçün hər hansı risk qalırmı?

Bu suallara cavab tapmaq üçün Musavat.com-un əməkdaşı olaraq hadisə yerinə baş çəkdik.

İlk baxışdan hər şey adi görünür. Alıcılar mağazada alış-veriş edir, liftlər işləyir, ticarət mərkəzində gündəlik həyat öz axarı ilə davam edir. Müştərilərin istifadə etdiyi liftlər fasiləsiz hərəkətdədir və onlarla insan gün ərzində həmin liftlərdən istifadə edir. Lakin mağaza əməkdaşları bildirirlər ki, faciə alıcı liftində deyil, yalnız personalın istifadə etdiyi yük liftində baş verib.

Satıcılardan biri ilə danşırıq: “O, yük liftidir. Ora adam minməməli idi. Neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenə də minib. Bunun müştərilərin istifadə etdiyi liftlə heç bir əlaqəsi yoxdur. İşçilərin ayrıca giriş hissəsi və ayrıca lifti var. Hadisə də orada baş verib”.

“Əgər lift nasaz idisə, niyə bağlanmamışdı” sualımıza isə əməkdaş bir daha vurğulayır ki, söhbət ümumi istifadə liftindən getmir və əlavə edir ki, hadisədən sonra həmin lift artıq işlədilmir. Söhbət əsnasında o, xəsarət alan həmkarının vəziyyəti ilə maraqlandığını da bildirir: “Dedilər ki, indi vəziyyəti yaxşıdır”.

Qəzanın baş verdiyi yük liftini görmək istəsək də, buna imkan verilmir. "Depodadır. Ora sizi buraxmazlar, yalnız personal keçə bilir", - deyən digər əməkdaş əlavə sualları cavablandırmadan uzaqlaşır.

Ancaq hadisənin ən diqqətçəkən tərəfi sonradan üzə çıxan faktlardır. Musavat.com-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilıib ki, qəzanın baş verdiyi qaldırıcı qurğunun qanunvericiliyin tələb etdiyi texniki sənədləri, ümumiyyətlə, mövcud olmayıb. Üstəlik, liftin quraşdırılması və istismarı ilə bağlı Agentliyə müraciət edilməyib və bu səbəbdən qurğunun istismarına heç vaxt rəsmi icazə verilməyib.

Nazirliyin məlumatına görə, obyekt rəhbərliyindən lazımi texniki sənədlərin təqdim olunması və qanunvericiliyə uyğun icazənin alınması tələb edilib. Həmin sənədlər təqdim edilənədək isə qurğunun istismarı zamanı baş verə biləcək bütün hadisələrə görə məsuliyyətin obyekt rəhbərliyinin üzərində olduğu onların diqqətinə çatdırılıb.

Bununla yanaşı, zərərçəkənin yaxınlarının səsləndirdiyi iddialar da az deyil. Onların sözlərinə görə, qəzanın baş verməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, nə "Tamstore" mağazalar şəbəkəsi, nə də ticarət mərkəzinin rəhbərliyi Tural Kərimovun vəziyyəti ilə maraqlanıb, müalicə xərclərinə isə heç bir dəstək göstərməyib. Hazırda ağır vəziyyətdə olan Tural Kərimovun müalicəsi ailəsinin imkanları hesabına davam etdirilir. Həkimlərin rəyinə əsasən, onun ən azı səkkiz ay ərzində ayağa qalxması və fiziki əmək fəaliyyəti ilə məşğul olması mümkün olmayacaq.

Yaxınlarının daha bir iddiası isə xüsusilə diqqət çəkir. Onların sözlərinə görə, "Tamstore" rəhbərliyi məsuliyyətdən yayınmaq məqsədilə işçini qəza baş verməzdən cəmi bir-iki gün əvvəlki tarixlə rəsmən işdən çıxarıb. Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Bəs belə hadisələrin qarşısını almaq üçün qanunvericilik nə tələb edir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirir ki, liftlər təhlükə potensiallı qurğular hesab olunur və onların istismarı ciddi qaydalarla tənzimlənir. Onun sözlərinə görə, yaşayış və ticarət obyektlərində liftlərin təhlükəsiz işləməsinə, texniki baxışların vaxtında keçirilməsinə və nasazlıq aşkar edildiyi halda dərhal istismardan çıxarılmasına görə məsuliyyət birbaşa obyekt sahibi və ya idarəedicisinin üzərinə düşür. Ekspert qeyd edir ki, nəzarətin gücləndirilməsi məqsədilə yaradılan "MyLift" platforması vasitəsilə liftlərin texniki pasportu, baxış tarixləri, təmir tarixçəsi və rəsmi rəyləri onlayn izləmək mümkündür. Bu sistem texniki xidmətin vaxtında aparılmasına və şəffaflığın artırılmasına xidmət edir”.