Limonu qabığı ilə yeyin - Belə daha FAYDALIDIR
Bir çox insan limonun yalnız şirəsindən istifadə edir, qabığını isə tullayır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, halbuki mütəxəssislər limon qabığının (sedranın) meyvənin özündən də daha faydalı olduğunu bildirirlər.
Limon qabığı niyə bu qədər faydalıdır?
Həkimlərin sözlərinə görə, limon qabığının qida dəyəri limon şirəsindən daha yüksəkdir. O, orqanizm üçün vacib olan bir sıra vitamin, mineral və bioloji aktiv maddələrlə zəngindir.
Limon qabığının tərkibində aşağıdakı faydalı maddələr var:
A və C vitaminləri
D-limonen
Beta-karotin
Limon turşusu
Alma turşusu
Hesperidin
Kalsium
Maqnezium
Kalium
Güclü antioksidant təsir göstərir
Limona özünəməxsus ətri verən D-limonen əsasən qabıq hissəsində olur. Bu maddə güclü təbii antioksidant hesab edilir. O, sərbəst radikallarla mübarizə aparmağa, oksidləşdirici stressi və iltihabı azaltmağa kömək edir. Həkimlərin sözlərinə görə, D-limonen immun sistemini gücləndirə və müxtəlif xəstəliklərin yaranma riskini azaltmağa dəstək ola bilər.
İmmuniteti möhkəmləndirə bilər
Limon qabığında yüksək miqdarda C vitamini də mövcuddur. Bu vitamin anticisimlərin yaranmasını dəstəkləyir, ağ qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır və immun sisteminin normal işləməsinə kömək edir.
Həkimdən limon qabığı çayı məsləhəti
Həkim Lusiya Qarsiya limon qabığından çay hazırlamağı tövsiyə edir. Onun sözlərinə görə, faydalı maddələrin qorunması üçün suyun temperaturu 50–60 dərəcə arasında olmalıdır. Çox qaynar su limon qabığındakı bəzi qiymətli maddələrin azalmasına səbəb ola bilər.
Mütəxəssis hesab edir ki, limon qabığını gündəlik qidalanmaya daxil etmək ümumi sağlamlığın qorunmasına və immun sisteminin güclənməsinə müsbət təsir göstərə bilər.
Qeyd: Limonun qabığında pestisid qalıqları ola biləcəyi üçün istifadə etməzdən əvvəl onu yaxşıca yumaq, mümkün olduqda isə ekoloji (orqanik) limon seçmək tövsiyə olunur.