Məscid, sinaqoq, muzey... Qubada multikulturalizm marşrutu - FOTOLAR
"Qubada keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans çərçivəsində iştirakçılar üçün iyulun 17-də mediatur təşkil olunub.
Hurriyyet.info xəbər verir ki, mediaturun əsas məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, əsrlər boyu formalaşmış tolerantlıq ənənələri və ölkədə müxtəlif dini konfessiyaların sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub.
Səfərin ilk ünvanı Quba şəhərində yerləşən "Cümə" məscidi olub. İştirakçılara bildirilib ki, XIX əsrdə inşa edilən bu ibadət ocağı Qubanın ən qədim məscidlərindən biridir və şəhərin dini-mənəvi həyatında mühüm yer tutur. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan məscid özünəməxsus memarlıq üslubu ilə seçilir.
Daha sonra konfrans iştirakçıları "Səkinəxanım" məscidini ziyarət ediblər. Burada qonaqlara məscidin tarixi, memarlıq xüsusiyyətləri və dini icmanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məscid XIX əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə onun həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib. Qırmızı kərpicdən inşa edilən bu ibadət məkanı Qubanın dini-mədəni irsinin mühüm nümunələrindən hesab olunur.
Mediatur daha sonra Quba rayonunun Qırmızı Qəsəbəsində davam edib. İştirakçılar burada yerləşən "Altıgünbəz" sinaqoqunu ziyarət edərək onun tarixi ilə tanış olublar. Bildirilib ki, XIX əsrdə tikilən sinaqoq uzun illər bölgənin yəhudi icmasının əsas ibadət məkanlarından biri olub. Dövlət tərəfindən bərpa olunan bina hazırda dini və mədəni irs nümunəsi kimi fəaliyyətini davam etdirir.
Səfər çərçivəsində qonaqlar Dağ Yəhudiləri Muzeyinə də baş çəkiblər. İştirakçıların diqqətinə çatdırılıb ki, 2020-ci ildə XIX əsrə aid Qarçaği sinaqoqunun binasında yaradılan muzey dünyada dağ yəhudilərinə həsr olunmuş ilk muzey hesab edilir. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, dini ayinlərini və məişətini əks etdirən zəngin eksponatlar, milli geyimlər, əlyazmalar, nadir kitablar və tarixi məişət əşyaları nümayiş olunur.
Mediaturun sonunda iştirakçılar müxtəlif dini icmaların nümayəndələri ilə görüşərək fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab alıblar.
Qeyd edək ki, mediatur "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransın proqramı çərçivəsində təşkil olunub və məqsəd media nümayəndələrinin Azərbaycanın multikultural dəyərləri, dini müxtəlifliyi və tolerantlıq ənənələri barədə biliklərinin daha da artırılması olub.


