Məzari Şərifdən uzanan narkotik marşrutu – ƏFQAN HEROİNİ ÖZBƏKİSTAN ÜZƏRİNDƏN NECƏ AXIN EDİR... / FOTO
Əfqanıstandakı narkotik mafiyası Özbəkistan vasitəsilə Qazaxıstana və daha sonra Rusiyaya tranzit dəhlizi boyunca narkotik qaçaqmalçılığını artırıb.
Xatırladaq ki, 2026-cı ilin may ayında Özbəkistan təhlükəsizlik qüvvələri Əfqanıstandan keçən 800 kiloqramlıq heroinin qarşısını təşkil olunan əməliyyatla kəsdi. Regional mənbələr bildirirlər ki, əvvəlcə plan təxminən 60 milyon dollar dəyərində 800 kq əfqan narkotikini Özbəkistan dəhlizi vasitəsilə daşımaq olub. Bu, tək, böyük bir sifariş olub. Lakin nədənsə plan uğursuz alınıb və 600 kq yük Özbəkistan təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Mənbələr əmindirlər ki, bu, Özbəkistan DTX-nin effektiv kəşfiyyat işi sayəsində mümkün olub. Belə ki, Özbəkistan kəşfiyyat xidmətinin agentləri narkotik qaçaqmalçılığının vaxtını, yerini və metodunu əvvəlcədən müəyyən edə biliblər.

Amma narkotik mafiyasının hələ də Özbəkistan kanalı vasitəsilə Orta Asiyaya, daha sonra isə Rusiyaya daşımaq istədiyi ən azı 200 kq narkotik müsadirədən yayındırılıb. Hansı ki, sözügedən heroin marşrutu Məzari-Şərifdən başlayır, Daşkənd vasitəsilə Astanaya uzanır. Ümumiyyətlə, əfqan narkotik mafiyası Özbəkistan tranzit marşrutuna “stavka edir”.
Narkotik sənayesi Əfqanıstandakı “Taliban” rejiminin əsas iqtisadi sektorlarından biri olub və qalmaqdadır. 2021-ci ildən sonra “Taliban” liderləri heroin ticarətindən əldə edilən gəlirləri həm ölkə daxilində (qızıl, gümüş və qiymətli daşların çıxarılması, neft məhsulları ilə ticarət), həm də xaricdə (BƏƏ, Qətər, Oman, Hindistan, İran, bəzi Orta Asiya respublikalarında və digər yerlərdə daşınmaz əmlak almaq, ticarət və maliyyə spekulyasiyaları) yuyulmuş "investisiya layihələrinə" yatırmağa başladılar. “Taliban”ın narkotik biznesi nisbətən hörmətli, sanballı, qanuni iqtisadi və infrastruktur layihələri mühitində "əriməyə" başladı.
Bu arada, “Taliban”ın narkotik biznesi özü də yox olmayıb. O təkcə “Taliban” liderləri və onlara bağlı qrupların içində genişləndi. Dünyada sintetik narkotik dalğasının yayılması trendi əfqan narkosektorunda da öz sözünü deməyə başladı. Bir neçə ildir ki, “Taliban” sintetik narkotiklərin istehsalı və yayılması ilə bağlı layihələri fəal şəkildə inkişaf etdirir. Amma, eyni zamanda, onlar "klassik" əfqan narkotik brendi olan heroini də unutmayıblar.

Əfqanıstanda son beş ildə heroinin həddindən artıq istehsalı müşahidə olunur. Lakin əfqan narkotik brendinin çox qismi ”Taliban” narkotik mafiyasının anbarlarında yığılıb ki, onlar heroinin paylanması ilə bağlı ciddi problemlərlə qarşılaşmağa başlayıblar. Buna görə də “Taliban”, xüsusən də Əfqanıstanın şimalında genişmiqyaslı ictimai qadağa tədbirləri tətbiq edərək, tiryək plantasiyalarının böyüməsini məhdudlaşdırır: əgər narkotik anbarları heroinlə doludursa, yeni xammal yetişdirməyin mənası nədir? Onlar ilk növbədə anbarlarda olanı satmağı üstün tuturlar...
Əfqanıstanın daxili bazarı heroin üçün yetərli deyil, artıq mənfəət əldə etmək üçün narkotik mafiyasının xaricdə yeni bazarlara ehtiyacı var. Bu bazarlara çıxış üçün çoxlu miqdarda narkotik daşıya bilən etibarlı tranzit marşrutları tələb olunur.
Son aylar göstərdi ki, narkotik mafiyası heroin və digər narkotik maddələri Əfqanıstandan Orta Asiya respublikalarına, Qazaxıstana və Rusiyaya ötürən "şimal marşrutu"nun modernləşdirilməsinə diqqət yetirir. Bu baxımdan, Özbəkistan narkobaronlar üçün xüsusi maraq doğurur.

2026-cı ilin iyun ayının ortalarında rəsmi Daşkənd elan etdi ki, Özbəkistan prezident administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Özbəkistan Respublikasında yeni narkotik əleyhinə qanunun tətbiqini şəxsi nəzarətinə götürüb. Xanım Mirziyoyeva özünün “Telegram” kanalında bildirib ki, bu qanun "narkotik qaçaqmalçılığına qarşı mübarizəni sərtləşdirməyə" yönəlib. “Taliban” Əfqanıstanı narkotik qaçaqmalçılığının mənbəyi kimi açıq şəkildə qeyd edilməsə də, Daşkənd "İslam Əmirliyi" regionda narkotik təhlükəsinin əsas mənbəyi kimi görür.
Özbəkistan prezidentinin qızının narkotik sənayesinə qarşı mübarizəni şəxsi nəzarətə götürmək qərarından əvvəl bir neçə yüksək səviyyəli qalmaqal baş vermişdi. Qeyd etdiyimiz kimi, 17 may 2026-cı ildə Özbəkistan DTX “Taliban”ın nəzarətində olan Əfqanıstandan təxminən 600 kq narkotik idxal etmək cəhdinin qarşısını aldığını bildirdi. Ortada bir tədarük partiyasında yarım tondan çox həşiş və tiryək vardı. Bu nəhəng narkotik partiyası Özbəkistanın Surxandərya bölgəsindəki Termez-Avto sərhəd gömrük məntəqəsində "Əfqanıstan Respublikasından gələn Əfqanıstan vətəndaşının idarə etdiyi avtomobilin” yoxlanılması zamanı aşkar edildi. Bu nəqliyyat vasitəsinin qoşqusunda Doosan ekskavatoru daşınırdı və onun qaldırıcı platformasında narkotik maddələr - 593 kq həşiş və 3 kq tiryək - aşkar edildi.

2 iyun 2026-cı ildə Özbəkistan gömrük rəsmiləri DTX əməkdaşları ilə birlikdə Türkmənistanla sərhəddəki Oplot sərhəd məntəqəsində quru ərikdə gizlədilmiş böyük heroin partiyasının Özbəkistandan keçirilməsi cəhdinin qarşısını aldılar. Sənədlərə görə, heroin daşıyan yük maşını Əfqanıstandan Rusiyaya gedirmiş. Rentgen müayinəsi zamanı quru əriklərin arasında 13 karton qutuda narkotik paketləri aşkar edilib. Qara bazarda 1,5 milyon dollara dəyərində ola biləcək təxminən 13 kq heroin müsadirə edildi.
Nəhayət, 17 iyun 2026-cı ildə, Səidə Mirziyoyevanın ölkədə yeni narkotik əleyhinə qanunu şəxsi nəzarətə götürməsindən iki gün sonra, Özbəkistan təhlükəsizlik qüvvələri təxminən 38 kq narkotik (həşiş və tiryək) aşkar edərək müsadirə etdi. Narkotik Əfqanıstandan Səmərqəndə aparılırdı.
Bu epizodlardan da göründüyü kimi, Əfqanıstanındakı narkotik mafiyası Özbəkistan vasitəsilə əsasən həşiş, eləcə də xam tiryək və heroin - ənənəvi əfqan tiryəklərini qaçaqmalçılıq yolu ilə keçirməyə çalışır.

Aşkarlanan narkotik daşınmalarının miqyası göstərir ki, bu, tez bir zamanda varlanmaq üçün sxem axtaran məhdud potensial iş adamlarının şəxsi təşəbbüsü deyil. Əksinə, bu, “Taliban” sistemindəki əsas fiqurların güclü dəstəyinə əsaslanan sistemli, çoxşaxəli narkotik sənayesidir.
Məlumatlı mənbələrə görə, “Taliban” rejiminin iki mühüm funksioneri Əfqanıstan narkotiklərinin Özbəkistan vasitəsilə tranzitinin təşkilində əsas rol oynayır:
1. Əbdül Əhəd Fəzli iki ay əvvəl Əfqanıstanın “Taliban” hökumətində Rabitə və İnformasiya Texnologiyaları naziri təyin edilmiş Fəryab əyalətinin keçmiş “Taliban” qubernatorudur. O, “Taliban” əmiri Mövləvi Heybətullah Axundun etibarlı sirdaşıdır. Onun Özbəkistan narkotik tranzit marşrutunun yaradılması, koordinasiyası, sınaqdan keçirilməsi və işə salınması üzərində təkcə şəxsi maraqdan deyil, həm də “Taliban” liderinin əmri ilə işlədiyinə inanmaq üçün əsas var. Fəzli iki aydır ki, şimali Fəryab əyalətinin qubernatoru olmasa da, rəsmi olaraq Kabildə yerləşdiyi müddətdə əfqan narkotiklərinin Özbəkistan tranzit marşrutu ilə bağlı bütün məsələlərə nəzarət etməyə davam edir.
2. Əfqanıstanın şimalındakı Bəlx əyalətinin qubernatoru Məhəmməd Yusif Vəfa. O, “Taliban”ın "Qəndəhar fraksiyası"nın nüfuzlu üzvüdür və digər məsələlərlə yanaşı, rəsmi Daşkəndlə əlaqələrdən məsul olan “Taliban” əmiri Mövləvi Heybətullah Axundun iç dairəsinin üzvüdür. Məzari-Şərifdə yaşayan Məhəmməd Yusif Vəfa son bir il yarımdan iki ilə qədər müddətdə etibarlı köməkçilərinin köməyi ilə həm Bəlxdə, həm də qonşu Özbəkistanda öz əlaqə, vasitəçi və saxta şirkətlər şəbəkəsini qurmağı bacarıb. Bu şəbəkə Əfqanıstan narkotikinin Özbəkistana tranzitində mühüm elementdir.

Əfqanıstanın narkotik ticarəti və narkotik tranziti ilə məşğul olan regional kəşfiyyat agentlikləri hazırda Bəlx əyaləti qubernatorunun çinovniki Hacı Zayedə artan maraq göstərirlər. Hacı Zayed Bəlx qubernatoru Məhəmməd Yusif Vəfanın mətbuat katibi vəzifəsində çalışır. Lakin onun təsiri mətbuatda yazılandan çoxdur.
Hacı Zayed qubernator Yusif Vəfanın etibarlı əfqan iş adamları, eləcə də Özbəkistan və bir sıra digər postsovet respublikalarındakı həmkarları ilə həssas ünsiyyət qurmasına kömək edir. Məlumatlı mənbələr bildirir ki, Hacı Zayed Əfqanıstandan Özbəkistan vasitəsilə Qazaxıstan və Rusiyaya narkotik tranziti şəbəkəsi haqqında "əsas məlumatlara malikdir". Xüsusilə, o, bu şəbəkədə hansı şirkətlərin və şəxslərin iştirak etdiyini ətraflı bilir.
Bəlx əyalətinin qubernatorunun mətbuat katibi Hacı Zayedin mürəkkəb əlaqələri ilə bağlı araşdırma regional kəşfiyyat agentliklərini əfqan iş adamı Haşmətullah Armana gətirib çıxardı. Onların qiymətləndirmələrinə görə, Haşmətullah Arman təkcə Əfqanıstanın şimalında və Özbəkistanda deyil, həm də digər postsovet ölkələrində "Taliban”ın ən həssas biznes layihələrində iştirak edir.
Haşmətullah Arman təkcə əfqan iş adamı deyil, həm də Məzari-Şərifdə qeydiyyatdan keçmiş “Arman Qrup”un sahibi kimi tanınır. O, əvvəllər Əfqanıstan parlamentinin aşağı palatasının (Vulusi Cirqa) Fəryab əyalətindən üzvü olub. Lakin cənab Arman parlament üzvü kimi xüsusilə aktiv olmayıb. Regional mənbələr bildirir ki, bir neçə postsovet ölkəsindəki kəşfiyyat orqanları Haşmətullah Armanın - Hacı Zayedin etibarlı və dost əlaqəsi kimi – “Taliban”a "müxtəlif çeşiddə yük, material və maddələrin" daşınması ilə bağlı "mürəkkəb vəzifələri" həll etməyə imkan verən beynəlxalq logistika şəbəkəsinin təşkilində mümkün rolunu araşdırır.
Bəzi Əfqanıstan mənbələri iddia edilər ki, Haşmətullah Armanın Bəlx qubernatoru Məhəmməd Yusif Vəfanın yaxın çevrəsindəki digər şəxslərlə də yaxın və etibarlı münasibətləri var. Eyni mənbələr bildirirlər ki, Haşmətullah Armana yaxın şəxslər onun Rusiya pasportuna sahib olduğu barədə şayiələr yayırlar.
Haşmətullah Arman regiondakı bir neçə ölkədəki kəşfiyyat orqanlarının getdikcə daha çox maraqlandığı yeganə şəxs deyil. Bu marağın təkcə Özbəkistanın narkotik qaçaqmalçılığı kanalı ilə deyil, həm də digər məqsədlərlə - məsələn, məlumat toplamaq və mqəsdəyönlü təsir göstərmək üçün qubernator Yusif Vəfa və onun yaxın çevrəsinə müraciət etməklə əlaqəli olması mümkündür.

Regional müşahidəçilər narkotik ticarətinin Özbəkistan, eləcə də Qazaxıstan və Rusiyanın kəşfiyyat xidmətləri üçün getdikcə daha vacib prioritetə çevriləcəyini gözləyirlər.
Özbəkistandakı hadisələr göstərir ki, Daşkəndin təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhədi fəal və kifayət qədər effektiv şəkildə nəzarətdə saxlayır. Və onlar bunu indi Özbəkistan prezident administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın şəxsi nəzarəti altına aldığı üçün daha da uğurla edəcəklər.
Bununla belə aydındır ki, Özbəkistanla Əfqanıstan arasındakı sərhəd qanuni ticarət axınlarından getdikcə daha geniş miqyasda narkotik qaçaqmalçılığını təşkil etməkdən ötrü maskalanma kimi istifadə etməyə çalışan böyük transmilli qruplar üçün hədəfdir.
Özbəkistan-Əfqanıstan sərhədində narkotik müsadirələrinin artması Özbəkistan təhlükəsizlik xidmətlərinin daha aqressiv və dəqiq olduğunu göstərir. Lakin, müsadirələrin böyük miqyası göstərir ki, Özbəkistan kanalı aktiv olaraq qalır və böyük məbləğdə pul, nəqliyyat və inzibati əlaqələrə çıxışı olan mütəşəkkil kriminal şəbəkələr tərəfindən dəstəklənə bilər.
Problem açıq şəkildə şəxsi həşiş və tiryək qaçaqmalçılığından kənara çıxır. Regional müşahidəçilər qeyd edirlər ki, bu, "indi sərhəd sabitliyi, korrupsiya riskləri, nəqliyyat logistikası üzərində nəzarət və Əfqanıstandan Özbəkistan vasitəsilə Qazaxıstan və Rusiyaya qədər bütün şimal marşrutunun təhlükəsizliyi məsələsidir".
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az