Milonovun bitməyən Qarabağ “sancısı” – Bizə NƏ verib ALA bilmir?
Rəsmi səviyyədə ikitərəfli münasibətlərdə problem qalmadığı bəyan edilsə də, Rusiyadan Azərbaycana qarşı qeyri-dost davranış davam edir. Demarşlar bitmir. Özü də rəsmi dairələrə kifayət qədər yaxın simalar tərəfindən.
Bu dəfə qatı Azərbaycanofob, Dövlət Dumasının deputatı bədnam Vitali Milonov “parlayıb”. Məlumata görə, o, rusiyalı ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonu sərt tənqid edib. Səbəb də nə olsa yaxşıdır – idmançının yeniyetmə oğlu Aleksandrın bundan sonra Azərbaycan bayrağı altında çıxış etmək qərarı.
Ata Plyuşenko az əvvəl oğlunun Azərbaycan komandasına keçdiyini bildirmişdi. Milonov isə bu addımı kəmfürsətlik adlandırıb. “Əksər insanların ona (Yevgeni Plyuşenko – red.) tamamilə aydın münasibəti var: o, kəmfürsətdir. Onun hoqqalarından sonra onun haqqında ikrahla danışmaq belə çətindir”, - deputat vurğulayıb...
Əvvəla, məsələdə görəsən qeyri-adi, qeyri-etik nə var ki, bu adamı özündən çıxarıb? Bütün dünyada idmançıların ölkə, komanda, bayraq dəyişməsi adi haldır. Bəlkə deputatın “qarın ağrısının” səbəbi kiçik Plyüşşenkonun məhz Azərbaycanı seçməsidir?
Yüz faiz. Məsələ ondadır ki, bu zat ilk dəfə deyil ki, bostanımıza “daş” atır. Əvvəllər də onun belə axmaq demarşları olub.
Yada salaq, Milonov dəfələrlə erməni separatizmini dəstəkləyən, ərazi bütövlüyümüzü şübhə altına alan, işğal dönəmində qanunsuz şəkildə Qarabağa səfər edən (onlardan biri də 44 günlük müharibədən sonra, 2022-ci ildə olub) və Azərbaycan xalqının ünvanına təxribatçı, təhqiramiz bəyanatlar səsləndirən şəxs kimi tanınır.
Belə yaramaz hərəkətlərinə görə onun ölkəmizə giriş qadağa edilib, adı XİN-in “arzuolunmaz şəxslər” siyahısına (“qara siyahı”) daxil edilib. Rəsmi Bakı, o cümlədən Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notaları təqdim edib, Milonovun və onun təmsil etdiyi hakim "Vahid Rusiya" partiyasının rəhbərliyinə qarşı sərt mövqe ifadə olunub. Prezidenti İlham Əliyev şəxsən (2022) “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etiraz bildirib...
Təəssüf ki, Dumada Milonov ağlında olanlar az deyil. Biri də elə Dövlət Dumasının MDB İşləri üzrə komitəsi sədrinin müavini, bədnam Konstantin Zatulindir.
Qayıdaq mətləbə.
Bu, əslində ənənəvi rus şovinizmi qoxusu verən, hətta irqçi bir yanaşmanın təzahürüdür. Həm də elə bir zamanda ki, Rusiya öz siyasəti ucbatından faktiki dünyada dost-müttəfiqsiz qalıb. Onun iqtisadiyyatı böhrana girib, ölkə Ukrayna dronlarının dəqiq zərbələri nəticəsində ciddi yanacaq qıtlığı yaşayır. Milonov isə bütün bunların dərdini çəkmək əvəzinə, gör nə haydadır.
Ümid edək ki, sentyabrda keçiriləcək növbəti seçkilər Rusiyaya daha praqmatik, şovinist düşüncədən daha azad bir parlament qazandıracaq – zatulin və milonovlarsız! Yox, yenə “Köhnə hamam, köhnə tas” olacaqsa, demək ki, “virus” kütləvi şəkildə yayılıb, “dərinə” işləyib və təhlükə ümummilli xarakterlidir.
O zaman Rusiya cəmiyyəti onun bədəlinə, fəsadına da hazır olmalıdır. Ancaq bu artıq bizim problem sayılmaz...