MM-in komitə sədri “Kraudfandinq haqqında” qanun layihəsinin adı ilə bağlı iradlara münasibət bildirib
“Qanunun qəbulu mövcud qanunvericiliyə bir sıra yeni anlayışlar gətirir və bunlar beynəlxalq anlayışlardır. Bu anlayışlarla dilimiz daha da zənginləşir. Biz anlayışları dəyişdirsək, Azərbaycan dilində hansısa sözlə əvəz etsək, bütövlükdə bu qanunların effektivliyinə mane olarıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Kraudfandinq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində deputatların qanunun adının dəyişdirilməsi, beynəlxalq terminlərin Azərbaycan dilində qarşılığı ilə əvəz edilməsi barədə təkliflərinə münasibət bildirərkən deyib.
Əli Hüseynli bildirib ki, çünki bu qanunlar həm Azərbaycan vətəndaşları, həm də investorlar üçündür: “Onsuz da bizim qanunvericiliyimizdə kifayət qədər bu cür anlayış var. Əsas odur ki, həmin anlayışların bu qanunda izahatları da verilib”.
Sədr Sahibə Qafarova da həmkarının fikrini dəstəkləyib: “Siz vacib məqama toxundunuz - tərcümə məsələsinə. Çünki tərcümədə ekvivalentlik yoxdursa, verilən termin qalmalıdır. Düz deyirsiniz ki, bu, beynəlxalq təcrübədə artıq qəbul olunur və hər bir terminin öz tarixçəsi var. Ona görə də bu terminləri saxlamaqla bizim qanunvericilik daha çox udur, nəinki uduzur”.