Moskvaya tarixin ən böyük dron hücumu: 200-dən çox PUA paytaxt regionunu hədəf aldı
Moskva və onun ətraf regionları Ukrayna müharibəsi başlayandan bəri ən irimiqyaslı və intensiv pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Son 24 saat ərzində Moskva vilayəti və paytaxtın hava məkanına daxil olmağa çalışan yüzlərlə zərbə dronu Rusiya hava hücumundan müdafiə sistemlərini ciddi sınağa çəkib.
Hurriyyet.info xəbər verir ki, Moskva şəhərinin meri Sergey Sobyanin rəsmi bəyanat yayaraq paytaxt regionuna yönələn hücumun miqyası barədə sensasiyalı rəqəmlər açıqlayıb. Merin sözlərinə görə, son sutka ərzində 200-dən çox Ukrayna PUA-sı Moskva regionundakı strateji və hərbi obyektlərə zərbələr endirməyə cəhd göstərib. Sobyanin bildirib ki, düşmən dronlarının böyük bir hissəsi Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən hələ şəhərdən xeyli uzaq məsafələrdə – kənar mövqelərdə zərərsizləşdirilib. Buna baxmayaraq, birbaşa Moskva şəhərinin sərhədlərinə yaxınlaşmağa nail olan daha 62 Ukrayna dronu paytaxtın hava hüdudlarında çətinliklə də olsa tamamilə məhv edilib.
Hərbi ekspertlər eyni vaxtda 200-dən çox PUA-nın Moskvaya doğru göndərilməsini Ukrayna ordusunun Rusiya paytaxtının hava müdafiə sipərini tamamilə sıradan çıxarmaq və daxili infrastruktura ağır zərbə vurmaq məqsədi daşıyan strateji kütləvi hücumu kimi qiymətləndirirlər. Paytaxt administrasiyası dronların böyük hissəsinin vurulduğunu iddia etsə də, hücum səbəbindən Moskva hava qovşağına daxil olan bir neçə beynəlxalq hava limanında uçuşların təcili olaraq dayandırıldığı və şəhərdə gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiq olunduğu bildirilir.