📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib

2026-05-18 16:35:14

Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib

Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov,  müdafiə nazirinin birinci müavini - Azərbaycan Orsusunun Baş Qərargah rəisi  general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb. 

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb. 

Nazir Şanlı Zəfərimizdən söz açıb, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunublar.