MÜHARİBƏ GENİŞLƏNİR... - ABŞ 13 şəhəri, İran bu ölkələrdəki hərbi bazaları vurdu...
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hədəflərə endirilən zərbələrin başa çatdığını elan edib. Hücum zamanı onlarla obyekt məhv edilib.
Bu barədə CENTCOM-un "X" hesabında məlumat verilib.
"Mərkəzi komandanlıq yüksəkdəqiqlikli döyüş sursatlarından istifadə edərək bir neçə məkanda onlarla hədəfi vurmaqla İrana qarşı yeni hücum dalğasını bitirib. Əsas məqsəd İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücum etmək imkanlarını zəiflətməkdir.
ABŞ hərbçiləri qırıcı təyyarələr, gəmilər və pilotsuz uçuş aparatları vasitəsilə İslam Respublikasının hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və katerlərini hədəf alıb", - deyə, məlumatda bildirilib.
Mərkəzi Komandanlığın (CENTCOM) digər bir açıqlamasına əsasən, ABŞ hərbçiləri İrana qarşı əməliyyatlarda ilk dəfə olaraq zərbə endirən dəniz dronlarından istifadə ediblər. Bu silahların tətbiq miqyası və zərbələrin effektivliyi barədə hələlik əlavə məlumat verilmir.
***
Amerika silahlı qüvvələri İrana növbəti zərbələr seriyası çərçivəsində İslam Respublikasının azı 13 şəhərindəki obyektlərə hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi yazıb.
Məlumata görə, Abadan, Əhvaz, Bəndər Abbas, Bəndər Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Qeşm, Sirik, Xəndab, Xürrəmşəhr və Əndimeşk şəhərləri hücumlara məruz qalıb.
Endirilən aviazərbələr nəticəsində ən azı iki nəfər həlak olub.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasının başladığını elan edib.
İran qüvvələri isə ABŞ-nin İrana qarşı hücumlarına cavab olaraq bazar ertəsi günü İordaniya və Bəhreyndəki Amerika bazalarına zərbələr endirməyə başlayıb.
İran ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti aviabazasına və Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazasındakı obyektlərə raketlər atıb.
Bəhreynin Daxili İşlər Nazirliyi Amerika dəniz bazasında partlayış səslərinin eşidildiyini bildirir. Krallığın hər yerində raket hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri çalınır.
***
ABŞ və İran arasında qarşılıqlı zərbələr daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. İran iyulun 12-də Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniyada yerləşən ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.
Birləşmiş Ərəb Əmirliklərində də raket təhlükəsi qeydə alınıb. Reuters-in məlumatına görə, son hücumlar əhatə dairəsini kəskin genişləndirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasında komanda-idarəetmə mərkəzi və pilotsuz uçuş aparatı anqarlarını, Küveytdə radar məntəqəsini, Omanda ABŞ qüvvələrinə xidmət edən platformaları, Qətərdə isə hərbi təyyarələrə texniki xidmət mərkəzini vurduğunu iddia edib. Bu məlumatların hamısı ABŞ tərəfindən təsdiqlənməyib.
Bəhreyn bir neçə hava hücumunu zərərsizləşdirdiyini, Küveyt raket və PUA-ların qarşısının alındığını, Oman isə bəzi obyektlərin pilotsuz aparatlarla vurulduğunu açıqlayıb. İordaniyada üç İran raketinin düşməsi nəticəsində cüzi dağıntı yaranıb, xəsarət alan olmayıb.
İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) həmçinin ABŞ-ın Küveytdəki yeni bazasında rabitə sistemlərini və bazaya aparan yolları sıradan çıxarıb
SEPAH 4 ədəd "Fateh-110" raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb..
İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə ABŞ hərbçisi həlak olub.
Bundan əlavə, İranın Küveyt-İraq sərhədində yerləşən üç sərhəd-keçid məntəqəsini də vurduğu bildirilir. Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Fars körfəzində fəaliyyət göstərən Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platformalarının da hücuma məruz qaldığı bildirilir. Hücum nəticəsində bir əməkdaş yaralanıb, avadanlıqlara ziyan dəyib.
Qətər İran raketlərinin qarşısının alındığını bildirib. Vurulan raketlərin qalıqlarının yerə düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb.
Gərginliyin yeni mərhələsi İranın Hörmüz boğazında Kipr bayrağı altında üzən GFS Galaxy konteyner gəmisini vurmasından sonra başlayıb. Gəminin mühərrik bölməsinə ciddi ziyan dəyib, 23 heyət üzvü xilas edilib, Hindistan vətəndaşı olan bir dənizçinin itkin düşdüyü bildirilib.
ABŞ buna cavab olaraq İran ərazisində genişmiqyaslı zərbələr həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bir gecə ərzində İranın raket və PUA mövqeləri, hərbi dəniz obyektləri, sursat anbarları, rabitə şəbəkələri və sahil müşahidə məntəqələri də daxil olmaqla təxminən 140 hədəf vurulub. Son üç gecədə vurulan İran obyektlərinin ümumi sayı 300-ü keçib.
İran Hörmüz boğazının növbəti bildirişədək bağlandığını elan edib və boğazın ABŞ-ın regiona müdaxiləsi başa çatanadək açılmayacağını bildirib. Tehran onun müəyyən etdiyi marşrutdan və əvvəlcədən icazə almadan keçən gəmilərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
Bununla bağlı İranın Fars körfəzinə Nəzarət İdarəsi (PGSA) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.
İdarənin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, ABŞ silahlı qüvvələrinin bölgədəki son qanunsuz hərəkətləri ilə əlaqədar hazırda Hörmüz boğazından keçid mümkün deyil.
Qeyd olunub ki, vəziyyət sabitləşdikdən və bölgədə sakitlik bərpa edildikdən sonra müraciətlər növbəlilik qaydasında nəzərdən keçiriləcək və müvafiq icazələr veriləcək.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə bəyan edib ki, Hörmüz boğazı ötən axşamdan bağlanıb və İran hakimiyyəti onun yenidən açılması barədə qərar qəbul edənədək keçid mümkün olmayacaq.
Açıqlamada həmçinin vurğulanıb ki, boğazdan keçməyə cəhd göstərən istənilən gəmi özünü təhlükə ilə üz-üzə qoymuş olacaq.
ABŞ Mərkəzi Komandanlığı isə İranın boğaza nəzarət etmədiyini və kommersiya gəmilərinin hərəkətinin davam etdiyini iddia edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi mərkəz gəmilərə Oman sahillərinə yaxın genişləndirilmiş cənub marşrutundan istifadə etməyi tövsiyə edib.