📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müstəqilliyimizə qənim kəsilənlər - VƏ YAXUD BİZ MÜSTƏQİLİK?

2026-05-28 12:04:07

Müstəqilliyimizə qənim kəsilənlər - VƏ YAXUD BİZ MÜSTƏQİLİK?

28 May. Bu şanlı tarixin hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. Çünki, məhz bu tarixdə Azərbaycan dövləti özünün gerçək müstəqilliyinə qovuşub.

Belə ki, 28 may 1918-ci ildə Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranıb və elə həmin gün də İstiqlal Bəyannaməsi qəbul edilib.

Doğrudur, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Amma cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti dövlət quruculuğu, təhsil, ordu və sərhədlərin müəyyənləşdirilməsi sahəsində mühüm işlər gördü. Müasir Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini və himnini dövlət atributu kimi qəbul etdi.

Əfsuslar olsun ki, 28 May təqvimi son illər ölkəmizdə sıradan bir gün kimi qeyd olunur. Sanki kimlərsə Azərbaycanın XIX əsrin əvvəlində yaşadığı mühüm tarixi hadisələrlə, dövlətimizin gerçək müstəqillik əldə etməsi ilə 100 il sonra da barışmaq və bu müstəqilliyi həzm etmək istəmir. Ən dəhşətlisi isə budur ki, mövcud hakimiyyətin içərisində bu cür anti-milli ünsürlər daha böyük üstünlük təşkil edir və onlar öz mövqelərini get-gedə gücləndirirlər.

Heç də təsadüfi deyil ki, bu gün sinəsində açıq şəkildə “Georgi lenti” gəzdirən bir çox ünsürlər ölkəmizin yenidən rus irticasının əsarətinə verilməsi üçün əllərindən gələni əsirgəmirlər. Vəziyyət o həddə çatıb ki, bu rusbaşlılar hələ də “Mərkəz”dən (Kremldən – müəl.) gələn təlimatlarla çalışır, Azərbaycanı R   usiyanın bir parçası, bir əyaləti gözündə görürlər.

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “vurulanda” çoxları elə düşünürdü ki, Azərbaycandakı “5-ci kolon”un dayaqları laxlayacaq. Lakin son illər baş verən proseslər onu göstərir ki, bu hakimiyyətdə Mehdiyevdən daha böyük ruspərəstlər varmış. Heç də təsasüfi deyil ki, bir çox məmurlar açıq şəkildə Moskvanın müdafiəsinə qalxır, hətta Putin Rusiyasının Ukraynaya qarşı savaşına belə, utanmazcasına haqq qazandırmağa çalışırlar.

Kimsəyə sirr deyil ki, Azərbaycan illərdir Rusiya və Qərb arasında “balans siyasəti” həyata keçirirdi. Bu, mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyəti illərində əsası qoyulmuş bir siyasət idi. Sonra onun siyasi davamçısı İlham Əliyev də uzun illər o siyasəti davam etdirməkdə maraqlı oldu.

Amma əfsuslar olsun ki, son illər “balans siyasəti” Rusiyanın xeyrinə dəyişməkdədir. Doğrudur, biz sözdə Qərbə inteqrasiya xətti götürmüşük. Əslində isə, acı gerçəklik tamamilə fərqlidir. Bu gün həqiqət ondan ibarətdir ki, Azərbaycan özünün xarici siyasətində Rusiyanın maraqlarını hər zaman ön planda tutur. Təbii ki, bəzi xırda istisnalar sadəcə göz aldatmaqdan başqa bir şey deyil.

Bir anlıq diqqət edək: biz necə Avropaya inteqrasiya edirik ki, faktiki olaraq Qərbin heç bir siyasi institutu ilə normal əməkdaşlıq etmirik. Bəlkə, son illərdə Qərbin əksər nüfuzlu təşkilatları Azərbaycandan sıxışdırılıb çıxarılmayıb?!

Digər tərəfdən, biz necə müstəqil dövlətik ki, hələ də bir sıra güc strukturlarımızın rəhbərləri Kremldən təyin olunur?! Vəziyyət o dərəcədə acınacaqlıdır ki, 20 ildən artıqdır oturduqları kreslonu məngirləyən bəzi rusbaşlı məmurları hələ də əvəzləməkdə acizik?! Çünki Rusiaydan ehtiyat edirik. Üstəlik, hələ də Milli Məclisdə rusbaşlı deputatlar “at oynadır” və son illərdə xalqın maraqlarına cavab verən hansısa qanunun qəbul olunduğuna şahid deyilik. Biz bu qədər “müstəqilik”?

Görünən odur ki, 1918-ci ildə əldə etdiyimiz və cəmi 23 ay qoruyub saxlaya bildiyimiz müstəqilliyimizə hələ də qovuşa bilmirik. Tanrı bizə gerçək müstəqilliyi çox görməsin.

Anar MƏMMƏDOV