Napoleonun tacı ilə qaçan OĞRU DANIŞDI: "Daha çoxunu oğurlaya bilərdik"
Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyindən ötən ilin oktyabrında təxminən 88 milyon avro dəyərində kral ailəsinə məxsus zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslərin ifadələri istintaq materiallarına daxil olub. Dindirilmə zamanı şübhəlilər oğurluğun sifarişlə həyata keçirildiyini iddia edərək, sifarişçinin əldə olunan qəniməti az hesab etdiyini bildiriblər.
Hurriyyet.info xəbər verir ki, Fransanın Le Monde qəzetinin əldə etdiyi istintaq sənədlərinə görə, Abduliye N. və Gelamallah A. adlı şübhəlilər ailələrinin təhlükəsizliyindən narahat olduqları üçün adını açıqlamadıqları bir şəxsin göstərişi ilə Luvr Muzeyinin Apollon qalereyasına daxil olduqlarını bildiriblər. Onların sözlərinə görə, oğurluq zamanı taclar, broşlar, boyunbağılar və sırğalar daxil olmaqla ümumilikdə səkkiz qiymətli əşya götürülüb.
İfadələrə əsasən, şübhəlilər qaçmağa çalışarkən Fransa imperatoru III Napoleonun həyat yoldaşı imperatriça Evgeniyaya məxsus qiymətli daşlarla bəzədilmiş tacı yerə salıblar. İstintaq zamanı tacın zədələnmiş fotosu göstərildikdə Abduliye N. bunu etiraf edərək, "Bəli, onu mən saldım. Çantamdan düşdü. Etdiyimiz düzgün deyildi, çox ciddi hadisə idi", - deyə bildirib.
Şübhəlinin sözlərinə görə, oğurlanan əşyaları təhvil verdikləri sifarişçi nəticədən narazı qalıb və "Daha çoxunu oğurlaya bilərdiniz" deyərək onlara irad bildirib.
Şübhəlilər oğurluqdan cəmi iki-üç gün əvvəl işə cəlb olunduqlarını, hazırlıq zamanı isə onlara muzeydəki vitrinləri göstərən video izlədildiyini bildiriblər. Maddi çətinliklər yaşadığını deyən keçmiş sosial media fenomeni Abduliye N. bu iş müqabilində 15-20 min avro alacağına söz verildiyini açıqlayıb.
Digər şübhəli Gelamallah A. isə qarşı tərəfin ona Luvrun dünyanın ən məşhur muzeyi olduğunu demədiyini iddia edib. Onun sözlərinə görə, həmin yer ona sadəcə "Parisdə zinət əşyalarının hazırlandığı emalatxana" kimi təqdim olunub və əgər bunun Luvr Muzeyi olduğunu bilsəydi, heç vaxt ora getməzdi. O da bu iş üçün 20-25 min avro qarşılığında razılaşdığını bildirib.
İstintaq materiallarında qeyd olunur ki, şübhəlilər muzeyə yük lifti vasitəsilə daxil olduqlarını, daha sonra qalereyanın pəncərəsini sındıraraq iki vitrinin şüşəsini kəsdiklərini bildiriblər. Onlar hadisə yerində üç dəqiqədən artıq qalmadıqlarını və yaxalanmamaq üçün tələsdiklərini deyiblər. Oğurlanan zinət əşyalarının hazırda harada olduğu bilinmir. Şübhəlilər sifarişçinin kimliyini isə təhlükəsizliklərini əsas gətirərək açıqlamaqdan imtina ediblər. İstintaq orqanları onların həqiqətən sifarişlə hərəkət edib-etmədiyini araşdırmaqda davam edir.