"Narın, almanın, pomidorun dadı niyə dəyişib?" – Ekspertdən bütün suallara CAVAB
Bu gün Milli Məclisdə çıxış edən deputat Zahid Oruc bildirib ki, vaxtilə Qubanın alması, Göyçayın narı, Lənkəranın çayı və digər yerli məhsullar seleksiya işlərinin nəticəsi idi. Onun sözlərinə görə, yüksək məhsuldarlıq naminə yerli sortlar və əvvəlki dad keyfiyyəti itirilir:
"Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk".
Deputat qeyd edib ki, Azərbaycanın əkinəyararlı torpaqları məhduddur və məhsuldarlıq keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyalar hesabına artırılmalıdır. O, yerli toxum genefondunun qorunmasının vacibliyini vurğulayıb və torpaqların birləşdirilməsi ilə bağlı qanun layihəsini aqrar sahədə mühüm islahat kimi qiymətləndirib.
Bəs yerli sortların yerini hibrid toxumların tutması nə dərəcədə təhlükəlidir? Yerli məhsulların əvvəlki dad və keyfiyyətini bərpa etmək mümkündürmü?
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri və aqrar ekspert Rəcəb Orucov Musavat.com-a danışıb:
"Bu proses təkcə bizim ölkə ilə bağlı məsələ deyil. Bu, ümumdünya istehlak bazarında baş verən prosesdir. Çünki əhalinin sayı dinamik şəkildə artır, bununla paralel olaraq insanların istehlak mallarına, xüsusilə də ərzaq məhsullarına olan tələbatı da durmadan yüksəlir.
Bu bazar tələbatını ödəmək üçün əhalinin artım dinamikasına uyğun olaraq istehsal proseslərində çox ciddi innovativ texnologiyaların tətbiqi, yeni hibrid sortların yaradılması və daha məhsuldar çeşidlərin istifadəsi artıq gündəmin əsas mövzusuna çevrilib. Çünki istehlak bazarında baş verən bütün proseslər birbaşa istehsalı şərtləndirir".

Ekspert vurğulayıb ki, genofondun qorunması hər bir ölkənin milli siyasətinin əsas istiqamətlərindən biri olmalıdır:
"Azərbaycanda Genetik Ehtiyatlar İnstitutu fəaliyyət göstərir və bu institutun əsas funksiyası ölkəmizin milli seleksiya nailiyyətlərinin qorunmasına xidmət etməkdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əkinçilik İnstitutunun və digər elmi müəssisələrin də bu istiqamətdə mühüm işləri var. İstər heyvan, istərsə də bitki mənşəli genetik ehtiyatlarımızın qorunması mütləq təmin edilməlidir. Bu, strateji əhəmiyyət daşıyan milli məsələdir.
Bununla yanaşı, hər zaman qeyd etdiyim kimi, ölkəmizdə dayanıqlı kənd təsərrüfatı istehsalının təşkili və ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məsələ Prezidentin çıxışlarında, iqtisadi müşavirələrdə daim gündəmə gətirilir. Elə 2026–2030-cu illərdə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının əsas məqsədi də ölkənin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilmə səviyyəsini artırmaqdır. İqtisadi siyasətimizin əsas xətti də bundan ibarətdir. Burada mühüm bir məqam var".
Rəcəb Orucovun sözlərinə görə bir tərəfdən yerli, milli genetik sortlarımızın qorunması mütləq şərtdir, digər tərəfdən isə istər taxıl, istər meyvə, istərsə də digər kənd təsərrüfatı məhsullarının xaricdən gətirilməsi qaçılmaz reallıqdır:
"Buna tam şəkildə mane olmaq mümkün deyil.
Lakin nəzərə almaq lazımdır ki, bəzi bitkilərin vətəni məhz Azərbaycandır. Məsələn, buğdanın və narın vətəni Azərbaycan hesab olunur. Bunlar ölkəmiz üçün endemik bitkilərdir. Azərbaycanda yetişdirilən narın keyfiyyəti bazarda xüsusi seçilir. Məsələn, əsas ixrac bazarlarımızdan olan Rusiyada Moldovadan, Ukraynadan, Orta Asiyadan, İrandan və Türkiyədən gətirilən narlarla Azərbaycanın öz genofonduna aid nar sortları arasında keyfiyyətə görə ciddi fərq və qiymət üstünlüyü mövcuddur.
Biz yerli genofonddan heç vaxt uzaqlaşa bilmərik. Bu, milli iqtisadi maraqlarımızın tərkib hissəsidir. Amma bununla yanaşı, istehlak bazarının təmin olunması da vacib məsələdir. Əgər xaricdən gətirilən hər hansı buğda sortu yerli sortdan daha məhsuldardırsa və ya son illərdə Qubada salınan intensiv bağlarda istifadə olunan yeni sortlar məhsuldarlıq baxımından üstünlük təşkil edirsə, artıq bəzi yerli sortlar onlarla rəqabət aparmaqda çətinlik çəkir. Bu isə təbii prosesdir.
Həmin sortlar həm məhsuldarlığına, həm də uzaq məsafələrə daşınmaya davamlılığına görə üstünlük qazanırlar. Məhz buna görə də xarici sortların və hibridlərin bazara daxil olması bazarın tələbatından irəli gələn zərurətdir.
Məsələn, ölkədə kartof istehlakı təxminən 960 min ton, yəni bir milyon tona yaxındır. İstehsal da təxminən bu həcmdədir. Amma buna baxmayaraq, ilin 4–5 ayı ərzində bazarın xaricdən gətirilən kartofa ehtiyacı yaranır. Bunun səbəbi mövcud soyuducu anbarların imkanları və faraş kartofun uzunmüddətli saxlanmaya yararlı olmamasıdır. Məhsul bazara çıxarılan dövrdə ixrac edilir, sonrakı aylarda isə daxili bazarda yaranan tələbat idxal hesabına ödənilir. Bu da bazarın təbii konyunkturasıdır və nəzərə alınmalıdır. Çünki bazar çox mürəkkəb mexanizmdir.
Ancaq bütün bunlara baxmayaraq, bir mütəxəssis kimi hesab edirəm ki, ölkəmizdə milli genetik ehtiyatların və yerli sortların qorunması mütləq təmin olunmalıdır. Çünki bunlar bizə məxsus milli sərvətdir.
Dünyanın ən böyük gen bankı İsveçdə yerləşir. Dünyanın aparıcı toxum şirkətləri də məhz bu təşəbbüsləri dəstəkləyir və inkişaf etdirirlər. Orada qorunan ehtiyatların böyük hissəsi müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan toplanmış genetik materiallar hesabına formalaşıb. Ona görə də deputatın vurğuladığı kimi, milli genetik sortlarımızı və genetik ehtiyatlarımızı çox ciddi şəkildə qorumalıyıq. Bu, ən vacib məsələlərdən biridir. Çünki bazara iki əsas üstünlüklə çıxırıq – keyfiyyət və kəmiyyətlə.
Məsələn, Zirənin pomidoru hər zaman seçilib. Quba alması ilə, Naxçıvan göycəsi ilə, Tərtər üzümü ilə tanınır. Qarabağın özünəməxsus bitki sortları var. Bərdədə yetişdirilən yerli heyvan cinsləri bazarda idxal olunan ət məhsullarından daha baha qiymətə satılır. Bütün bunlar göstərir ki, milli genetik ehtiyatlarımızın qorunması strateji əhəmiyyət daşıyır. Mən belə düşünürəm".
"Yerli məhsulların əvvəlki dad və keyfiyyətini bərpa etmək mümkündürmü?" sualına isə ekspert bu cür cavab verib:
"Əlbəttə, mümkündür. Biologiyanın öz qanunauyğunluqları var. Məsələn, şəkər çuğundurunda şəkərlilik artdıqca məhsuldarlıq azalır, məhsuldarlıq artdıqca isə şəkərlilik aşağı düşür. Burada tərs mütənasiblik mövcuddur. Bu da bazarın tələbindən asılı olaraq dəyişir.
Məsələn, Qızıləhmədi alma sortunun dadı bu gün də bazarda seçilir və qiyməti yüksək olsa da, alıcısı kifayət qədərdir. Əgər bunlar bizə məxsus endemik bitkilərdirsə, onların tələb etdiyi aqrotexniki və fizioloji şərait düzgün yaradılarsa, həmin məhsulların dadını, keyfiyyətini və bazar dəyərini qoruyub saxlamaq mümkündür.
Lakin burada bir istisna var. Fitosanitar tədbirlər zamanı kimyəvi preparatlardan həddindən artıq istifadə olunması, mineral gübrələrin normadan artıq verilməsi və yalnız məhsuldarlığın artırılmasına üstünlük verilməsi keyfiyyət göstəricilərinə mənfi təsir göstərir. Əgər bütün aqrotexniki tədbirlər bitkinin fizioloji tələblərinə uyğun aparılarsa, məhsulun keyfiyyət göstəricilərini qorumaq mümkündür.
Hər il bostan məhsulları bazara çıxanda zəhərlənmə halları müşahidə olunur. Hazırda bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar ciddi nəzarət həyata keçirirlər. Marketlərdə nitratların miqdarı xüsusi cihazlarla mütəmadi yoxlanılır.
Azot gübrəsinin normadan artıq verilməsi məhsulun tərkibində nitratların toplanmasına səbəb olur və bu da insan sağlamlığı üçün təhlükə yaradır. Təbii ki, istər bitki, istərsə də heyvan mənşəli məhsulların istehsalında tətbiq olunan texnologiyalar milli genofondumuzun keyfiyyət göstəricilərinə və bazar rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Bu təsir danılmazdır".