📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nazir: "Enerji keçidi neft və qazı əvəz etmir, onları tamamlayır"

2026-07-15 10:12:06

Nazir:

Enerji keçidi neft və qazın rolunu aradan qaldırmır, əksinə, bərpa olunan enerji mənbələri mövcud enerji sistemini tamamlayır.

Hurriyyet.info xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.

Nazirin sözlərinə görə, enerji keçidinin sürətlənməsinə baxmayaraq, neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və qarşıdakı onilliklərdə də bu rolunu qoruyacaq: "Ötən il dünyada bərpa olunan enerji üzrə quraşdırılmış güclər 15,5 % artsa da, bu, karbohidrogenlərin qlobal enerji balansındakı əhəmiyyətini azaltmayıb. Əksinə, artan enerji tələbatı fonunda bərpa olunan enerji mövcud sistemi tamamlayıb. Bu reallıq bir daha təsdiqləyir ki, hazırkı enerji keçidi əvəzlənmə deyil, tamamlanma prosesidir".

P.Şahbazov bildirib ki, Azərbaycan bu reallığı nəzərə alaraq neft və təbii qazla yanaşı bərpa olunan enerji mənbələrinin paralel inkişafına əsaslanan balanslaşdırılmış enerji siyasəti həyata keçirir: "Bizim məqsədimiz enerji mənbələrini bir-birinə qarşı qoymaq deyil, onların bir-birini tamamladığı dayanıqlı enerji sistemi qurmaq və bütün enerji resurslarını şaxələndirilmiş, etibarlı ixrac marşrutları ilə beynəlxalq bazarlara çatdırmaqdır. Son illərin enerji böhranı enerji təhlükəsizliyinin ayrı-ayrı enerji mənbələrinə söykənməklə deyil, bütün enerji növlərinin balanslı inkişafına əsaslanan siyasətlə təmin oluna biləcəyini göstərib".

O qeyd edib ki, hazırda Azərbaycan Avropa və Asiyanın 20-yə yaxın ölkəsinə neft tədarük edir: "Kondensat daxil olmaqla, ölkənin gündəlik neft hasilatı orta hesabla 553 min barel, ixracı isə 445 min barel təşkil edir. 1899-cu ildə Azərbaycan dünya neft hasilatı və emalının təxminən yarısını təmin etməklə dünyada birinci yerdə olub. Bu gün qlobal hasilatda pay fərqli olsa da, ölkənin etibarlı enerji təchizatçısı kimi strateji əhəmiyyəti daha da artıb. Müasir dövrdə enerji sahəsində strateji əhəmiyyət təkcə hasilat həcmi ilə deyil, etibarlı və şaxələndirilmiş təchizat marşrutları, etibarlı tərəfdaşlıq və fasiləsiz enerji tədarükü ilə müəyyən olunur. Azərbaycanın strateji rolu da regionları və bazarları etibarlı şəkildə birləşdirmək, tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə vermək və etibarlı tərəfdaş kimi qazandığı etimadla ölçülür".