Nazirin inanılmaz qərarı: Siyarto mandatından imtina edib "BYD"də işləyəcək
Avropa siyasətində misli görünməmiş və hər kəsi heyrətə gətirən şok istefa baş verib.
Hurriyyet.info xəbər verir ki, Macarıstanın keçmiş xarici işlər və ticarət naziri Peter Siyarto deputatlıq mandatından imtina etdiyini və parlamenti tərk etdiyini rəsmən bəyan edib. Sabiq baş diplomatın belə bir radikal addım atmasına səbəb isə Çinin dünyaca məşhur avtomobil nəhəngi "BYD" şirkətindən aldığı iş təklifi olub.
Siyarto özünün sosial şəbəkə hesabında etdiyi qalmaqallı paylaşımda siyasətdən gedişinin səbəblərinə aydınlıq gətirib: "Mən parlament üzvü səlahiyyətlərimin dayandırılması barədə rəsmi müraciət etmişəm. Buna səbəb qlobal iqtisadiyyatın ən aparıcı və həlledici şirkətlərindən birində çox nüfuzlu, beynəlxalq miqyaslı vəzifəyə dəvət almağımdır", — deyə keçmiş nazir bildirib.
Avropanın ən fəal diplomatlarından birinin öz siyasi karyerasını qəfildən bitirərək Çin nəhəngində fəaliyyətə başlaması həm Macarıstanda, həm də Avropa İttifaqı dairələrində ciddi müzakirələrə və şok reaksiyalara yol açıb.