Nə müharibə, nə sülh: Eynulla Fətullayev yeni dünya reallığını izah etdi
Araşdırmaçı jurnalist İran–ABŞ qarşıdurması fonunda beynəlxalq münasibətlərdə formalaşan yeni reallığı şərh edib: “Ən qorxulusu odur ki, biz artıq buna alışırıq”
Araşdırmaçı jurnalist Eynulla Fətullayev sosial media hesabında paylaşdığı analitik qeyddə Yaxın Şərqdə son günlər baş verən hadisələrin fonunda beynəlxalq münasibətlər sistemində yeni və hələ adı qoyulmamış bir mərhələnin formalaşdığını bildirib.
Musavat.com xəbər verir ki, jurnalist paylaşımına son hərbi hadisələri xatırlatmaqla başlayıb. O qeyd edib ki, İran Hörmüz boğazında üç tankeri hədəfə alıb, ABŞ buna cavab olaraq dərhal zərbələr endirib. Ardınca isə SEPAH Küveyt və Bəhreyndə yerləşən 85 ABŞ hərbi obyektini vurduğunu bəyan edib.
Bu hadisələrin fonunda “bəs sülh haradadır?” sualını ortaya qoyan Eynulla Fətullayev hesab edir ki, dünya artıq nə klassik müharibə, nə də ənənəvi sülh anlayışlarının hökm sürdüyü mərhələdə yaşayır.
Onun fikrincə, insanlar fərqinə varmadan köhnə siyasi anlayışların mənasını itirdiyi yeni bir dövrə daxil olublar. Müəllif vurğulayır ki, əvvəllər “müharibə” anlayışı rəsmi elan, döyüş, qələbə və ya məğlubiyyətlə tamamlanan proses kimi qəbul edilirdi, “sülh” isə silahların susması, diplomatik münasibətlərin bərpası və təhlükəsiz beynəlxalq ticarət demək idi. İndi isə bu sərhədlər tamamilə bulanıqlaşıb.
Fətullayev yazır ki, danışıqlar masası ilə döyüş meydanı arasında fasiləsiz keçid yaranıb. Onun qənaətincə, tərəflər eyni vaxtda həm hərbi əməliyyatlar aparır, həm danışıqlar masasında əyləşir, həm yeni zərbələr endirir, həm də sazişlər üzərində işləyirlər.

Jurnalist bunun nümunəsi kimi İranın Qətərə məxsus tankerə hücum etməsini göstərir. O xatırladır ki, rəsmi Doha eyni zamanda Tehranla aparılan danışıqlarda vasitəçi rolunu oynayır və sabiq ali rəhbərin dəfn mərasiminə nümayəndə heyəti göndərir. Digər tərəfdən, ABŞ bir tərəfdən İrana hərbi zərbələr endirsə də, digər tərəfdən nüvə proqramı üzrə yeni razılaşmaların əldə olunmasını gözləyir. Hörmüz boğazının rəsmi olaraq açıq elan edilməsinə baxmayaraq, həmin sularda tankerlərin alov içində qalması da bu ziddiyyətli mənzərənin tərkib hissəsi kimi qiymətləndirilir.
Eynulla Fətullayev hesab edir ki, artıq bu vəziyyəti nə “müharibə”, nə də “barışıq” adlandırmaq mümkündür. Onun fikrincə, dünya idarəolunan qeyri-sabitlik dövrünə daxil olub. Bu yeni reallıqda hər bir tərəf öz qaydalarını qanuni hesab edir, qarşı tərəfin qaydalarını isə pozur və bununla da beynəlxalq münasibətlərdə əvvəlki hüquqi-siyasi çərçivələr zəifləyir.
Araşdırmaçı jurnalist paylaşımının sonunda ən təhlükəli məqamın insanların bu vəziyyəti adi qəbul etməyə başlaması olduğunu vurğulayır. Onun sözlərinə görə, cəmiyyətin davamlı qarşıdurma ilə diplomatiyanın paralel şəkildə mövcud olduğu bu yeni normallığa alışması gələcək üçün ciddi narahatlıq doğuran tendensiyadır.