Nəhəng canlılar bütün meşəni bürüdü: Boyları 2 metrdən çoxdur
Amazon yağış meşələrində yaşayan və Rhinodrilus cinsinə aid nəhəng torpaq soxulcanları 2 metrə çatan uzunluqları ilə alimlərin diqqətini cəlb edir. Mütəxəssislər bildirirlər ki, bu canlılar qeyri-adi ölçülərinə baxmayaraq, meşə ekosisteminin qorunmasında mühüm rol oynayırlar.
Hurriyyet.info xəbər verir ki, araşdırmalara görə, həyatlarının böyük hissəsini yerin altında keçirən nəhəng soxulcanlar yarpaqları, ölü kökləri və digər üzvi qalıqları parçalayaraq qida maddələri ilə zəngin humusa çevirirlər. Bunun nəticəsində azot, fosfor və kalium kimi bitkilər üçün vacib minerallar yenidən torpağa qaytarılır.
Torpağın məhsuldarlığını artırırlar
Nəhəng soxulcanların yerin altında qazdıqları tunellər yağış sularının torpağa daha asan hopmasına imkan yaradır, eroziya riskini azaldır və torpağın havalanmasını yaxşılaşdırır. Bu proses bitki köklərinin inkişafına və faydalı mikroorqanizmlərin yaşaması üçün daha əlverişli mühit formalaşdırır.
Ən böyük təhlükə meşələrin məhv edilməsidir
Mütəxəssislər qeyd edirlər ki, bu növ yalnız rütubətli və toxunulmamış torpaqlarda yaşaya bilir. Lakin meşələrin qırılması, yanğınlar, ağır texnikadan istifadə və heyvandarlıq fəaliyyətinin genişlənməsi onların yaşayış mühitini getdikcə daraldır. Nəticədə soxulcanların sayının azalması torpağın məhsuldarlığına və Amazon meşələrinin özünü bərpa etmə qabiliyyətinə mənfi təsir göstərir.
Alimlər hesab edirlər ki, bu canlıların ekosistemdəki rolunun daha dərindən öyrənilməsi zədələnmiş meşə sahələrinin bərpasına və kimyəvi gübrələrdən istifadənin azaldılmasına kömək edə bilər. Onların fikrincə, nəhəng torpaq soxulcanları Amazon meşələrinin davamlılığının qorunmasında əvəzsiz rol oynayır.