"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar.
Hurriyyet.info Xezerxeber.az - a istinadən məlumata görə, onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmadı. O bildirdi ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Yalçın Kazımov onu da qeyd etdi ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.
Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.