"Oğlum rəhmətə gedəndən sonra məşqləri dayandırdım"
"Böyük oğlum rəhmətə gedəndən sonra ansamblın məşqlərini dayandırdım. İndi pensiyaçı həyatı yaşayıram. Dostlarım zəng edir, görüşürük, günümüzü birlikdə keçiririk. Təxminən 50 ilə yaxın fəaliyyət göstərmişəm. Artıq bir az da dincəlmək lazımdır".
Bunu Musavat.com-a açıqlamasında "Qarabağ bülbülləri" ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayev deyib.
O bildirib ki, hazırda vaxtının əsas hissəsini ailəsi ilə keçirir:
"İki nəvəm var. Onlardan biri hərbi xidmətdədir, digəri isə yaxın vaxtlarda hərbi xidmətə yollanacaq. Ən kiçik nəvəmin isə 2 yaşı var. İki oğlum var idi. Böyük oğlum qəfil vəfat etdi. Hələ də onun itkisini qəbul edə bilmirəm. Dostları ilə görüşdə olub. Oturduğu yerdə qəfil stuldan yıxılıb. Həkimlər dedilər ki, ürəyi dayanıb".
Murad Rzayev hazırda yaradıcılığı ilə bağlı sənədli film üzərində işlədiyini də bildirib:
"Bu filmdə Tacirin bütün yalanları üzə çıxacaq. Bayatı-Şiraz mənim muğamda ilk improvizasiyamdır. Bu əsəri 50-yə yaxın ifaçı oxuyub. Qarşıdan 80 illik yubileyim gəlir. Onu Heydər Əliyev Sarayında qeyd etmək istəyirəm. Allah mənə ömür versin, yubileyimi qeyd edim. Ondan sonra nə olursa, olsun".
Sənətkar hazırda kirayə mənzildə yaşadığını da qeyd edib: "2001-ci ildən kirayədə qalıram. Ağdamda gözəl evim, hər cür şəraitim var idi. Əgər köçürülmə olsa və mən də sağ olsam, mənə ev veriləndə Ağdama qayıdacağam".
Qeyd edək ki, "Qarabağ bülbülləri" ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayevdir. Kollektiv dünyanın bir çox ölkəsində keçirilən mahnı festivallarında Azərbaycanı uğurla təmsil edib, 40 qızıl medal, 100-dən çox fəxri fərman qazanıb. Ansambl həmçinin 12 sənədli və bədii filmdə çəkilib, Zaqafqaziya, Ümumittifaq və beynəlxalq festivalların laureatı adına layiq görülüb. 1977-ci ildə rejissor Xamis Muradovun ekranlaşdırdığı "Qarabağ bülbülləri" sənədli filmi də məhz bu kollektivə həsr olunub. Filmdə ansamblın üzvləri Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev və Nazim Zeynalov haqqında məlumat verilir.