📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Oğlumun ağrıları çox şiddətlidir” – Gürcüstanda bıçaqlanan Əlinin son durumu

2026-07-15 13:42:31

“Oğlumun ağrıları çox şiddətlidir” – Gürcüstanda bıçaqlanan Əlinin son durumu

"Oğlumun vəziyyəti əvvəlkindən bir qədər yaxşıdır. Lakin güclü ağrıları var. Sinirləri zədələndiyi üçün ağrıları daha da şiddətlidir".

Bunu Musavat.com-a açıqlamasında Gürcüstanda iyulun 9-da Azərbaycan dilində danışdığı üçün bıçaqlanan 15 yaşlı Əli Mehdiyevin anası Sevinc Quliyeva deyib.

O bildirib ki, əməliyyat zamanı həkimlər ümumilikdə səkkiz kəsik aparıblar:

“Onlardan beşi bıçaq xəsarətləridir, üçü isə daxili orqanlarda zədələnmə olub-olmadığını müəyyən etmək məqsədilə həkimlər tərəfindən əməliyyat zamanı edilib. Hazırda bədəninin müxtəlif nahiyələrində kəsiklər var. Oğlum palatadadır və müalicəsi davam etdirilir”.

S.Quliyevanın sözlərinə görə, həkimlər bu gün Əlinin vəziyyətini yenidən qiymətləndirəcək və onun xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı yekun qərar verəcəklər.

Qeyd edək ki, iyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tbilisinin Vaşlicvari qəsəbəsində, axşam saatlarında baş verib. İddiaya görə, 55 yaşlı Giorgi Tsabudaşvili Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir etdikdən sonra bıçaqla hücum edib.