"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..."-ŞİKAYƏT
"Oğlum 2011-ci il təvəllüdlü Ruslan Həmidov Bakıda yerləşən Qarabağ Regional Mədəniyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayonu Malıbəyli kənd Uşaq Musiqi Məktəbində oxuyur. Oğlumun sintezatorunu Bəhman Etibar oğlu Nəsirov yeniləmək adı ilə aldı, üstündə də 1070 manat pulumu. Bizi aldatdı, uşaq sintezatorsuz qaldı deyə imtahanlardan da kəsildi” – Bu sözləri Musavat.com-a müraciət edən Elnur Asif oğlu Həmidov deyib. Zərərçəkmiş vətəndaşın sözlərinə görə Bəhman Nəsirov onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu və əmlakını mənimsəyib.
Vətəndaş bildirir ki, Bəhman Nəsirov müvafiq bəhanələrlə onun etimadını qazanıb: “Mən Bəhmanın kartına ümumilikdə 970 manat pul vurmuşam. Bununla da kifayətlənməyib, idarə etdiyi avtomobillə evimə gələrək, uşağımın musiqi alətini də götürüb getdi. Söz vermişdi ki, bu sintezatoru satıb, mənim övladıma daha yaxşısını alıb gətirəcək. Lakin sonradan məlum oldu ki, o, pulu mənimsəyib”.
Şikayətçinin sözlərinə görə, hüquq mühafizə orqanlarına şikayətdən sonra Bəhman Nəsirov musiqi alətini geri qaytarmağa məcbur olub, lakin vurduğu maddi ziyanı ödəməkdən boyun qaçırıb və qeybə çəkilib: "Nə özünə zəng çatır, nə də harada olduğunu tapmaq olur. Sonradan öyrəndim ki, mən tək deyiləm. Biz artıq zərərçəkmişlər olaraq qrup yaratmışıq. Bu adam eyni üsulla bir çox insanı aldadıb. Harada gəldi kirayədə qalır, insanlara öz evimdir deyib etibar qazanır, işini bitirəndən sonra isə yoxa çıxır”.
Vətəndaş üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, artıq 1 ildir ki, dələduzun tutulmadığını deyir: “Məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə rəsmi tapşırıq verilib, sənədləri öz gözümlə görmüşəm. Orada qeyd olunub ki, bu adam tapılıb şöbəyə gətirilməlidir. Dəfələrlə Sabunçu RPİ-nin 12-ci şöbəsinə getmişəm, işimlə maraqlanmışam. Məni Sabunçu Polis İdarəsindən Bakı Şəhər Baş Polis İdarəsinə, oradan isə yenidən Sabunçuya göndərirlər. Keçən ildən bəri mənə nə qədər maddi və mənəvi ziyan dəyib. Övladım imtahandan kəsildi, ona alət də ala bilmədim. Mən kasıb adamam, o pulu da rəhbərliyimdən xahiş edib, borc alıb vermişdim. İndi çarəsiz qalmışam”.
Zərərçəkmiş vətəndaş Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, Bəhman Nəsirov tərəfindən törədilən dələduzluq faktının araşdırılmasını xahiş edib.
Musavat.com



