Ölkə qaranlığa büründü - Minlərlə insan işıqsız qaldı
Kubada milli elektrik sisteminin tamamilə çökməsi nəticəsində ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi baş verib.
Hurriyyet.info xəbər verir ki, ölkənin Dövlət Elektrik Birliyi (UNE) hadisədən sonra bütün ərazidə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Hazırda nasazlığın texniki səbəbləri araşdırılır.
Rəsmi məlumata görə, bu, 2026-cı ildə Kubada qeydə alınan üçüncü, son 24 ay ərzində isə səkkizinci iri ümummilli elektrik kəsintisidir. Yerli mənbələr elektrik şəbəkəsinin tam bərpasının bir neçə gün çəkə biləcəyini bildirirlər.
Bərpa planına əsasən, əvvəlcə ayrı-ayrı bölgələrdə elektrik istehsalı lokal şəkildə yenidən işə salınacaq. Daha sonra həmin mikroşəbəkələr mərhələli şəkildə birləşdirilərək milli elektrik sistemi tam fəaliyyətə qaytarılacaq.
Mütəxəssislərin hesablamalarına görə, Kubanın gündəlik elektrik tələbatını fasiləsiz ödəməsi üçün sutkada 100 min bareldən çox neftə ehtiyacı var. Bu həcmin təxminən 40 min bareli daxili istehsal hesabına təmin olunur, qalan hissəsi isə idxaldan asılıdır.
ABŞ sanksiyalarının tətbiq olunduğu ölkədə enerji infrastrukturundakı problemlər istehsalın azalması, yüksək inflyasiya və milli valyuta olan pesonun dəyər itirməsi ilə birlikdə əhalinin gündəlik həyatını daha da çətinləşdirir.