Orteqa: "Daha Nikaraquada hakimiyyəti dəyişən seçki olmayacaq”
Nikaraquanın 80 yaşlı prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini açıqlayıb.
Hurriyyet.info xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı Anastasio Somosa rejiminin devrilməsinə səbəb olan 1979-cu il Sandinin inqilabının 47-ci ildönümünə həsr olunmuş mərasimdə verib.
2007-ci ildən bəri president vəzifəsini icra edən Orteqa həmçinin hökumətin nəzarəti altında olan parlamentlə birlikdə müxalifətə qarşı "sədd çəkəcək" qanunlar paketi qəbul edəcəyini açıqlayıb. "Burada müxalifət partiyalarının hakimiyyəti ələ keçirməyə və hökuməti götürməyə cəhd edə biləcəyi bir seçki olmayacaq. Biz Milli Assambleya və müvafiq qurumlarla birlikdə qanunlar üzərində işləyəcəyik, ölkəsinə xəyanət edən sui-qəsdçilərə və xainlərə qarşı bir divar, bir maneə quracağıq", - deyə Orteqa bəyan edib.
Nikaraquada son seçkilər 2021-ci ildə keçirilib. Müşahidəçilər seçkidə total saxtakarlığıa yol verildiyini bəyan ediblər. Orteqa səsvermədən əvvəl əsas rəqiblərini həbs etdirib.
Daniel Orteqa Sandini inqilabının liderlərindən biri olub. O, 1981-ci ildə silah gücünə dövlət başına gəlib, 1985-ci ildə prezidentlik vəzifəsini öz üzərinə götürüb. 1990-cı il seçkilərində Orteqa uduzub və 2006-cı ilə qədər müxalifətdə qalıb. 2007-ci ildə yenidən prezident vəzifəsini tutub və o vaxtdan bəri vəzifəsində qalır. Nikaraquada növbəti ümumi seçkilər 2027-ci ilə planlaşdırılırdı.
2025-ci ildə Orteqa həyat yoldaşı Rosario Murillonu "həmsədr" təyin etmək və prezidentlik müddətini altı ilə qədər uzatmaq da daxil olmaqla bir sıra konstitusiya islahatları ilə hakimiyyətini daha da möhkəmləndirib.
“Röyters” qeyd edir ki, cütlük birlikdə silahlı qüvvələr və məhkəmə sistemi də daxil olmaqla, hökumətin, demək olar ki, bütün aspektlərinə nəzarət edir.