📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Parisi Bakıya münasibətdə “PARTLADAN” səbəb

2026-07-09 16:11:38

Parisi Bakıya münasibətdə “PARTLADAN” səbəb

Fransa prezidenti Emmanuel Makronun diplomatik müşaviri Bertrand Buhvalterin bir neçə gün əvvəl Bakıya səfəri Parisin Azərbaycan istiqamətində yaranmış gərginliyi yumşaltmaq cəhdi kimi izah edilirdi. Çünki bu səfərdən əvvəl Fransa Xarici İşlər Nazirliyinin Milli Assambleya deputatlarının Qarabağla bağlı suallarına verdiyi cavablar Bakının kəskin etirazına səbəb olmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi isə xüsusi bəyanat yayaraq Fransanı qərəzli mövqe tutmaqda ittiham etmişdi. Parisin son addımı bu qanunsuz addımlardan geri çəkilmədiyini göstərir.

Belə ki, Fransada qondarma "arsax respublikası"nın nümayəndəsi kimi təqdim olunan Ovanes Gevorkyan atlantico.fr nəşrində beynəlxalq hüquq, ədalət və Qarabağ ermənilərinin guya "sənədlərlə təsdiqlənmiş məcburi köçü" barədə sərsəm fikirlər səsləndirib. Bəllidir ki, Paris uzun illər özünü vasitəçi kimi təqdim etsə də, praktikada münaqişənin tərəflərindən birinə açıq siyasi simpatiya nümayiş etdirib. Bu gün isə Fransa təkcə Ermənistanın əsas silah təchizatçılarından birinə çevrilməyib, eyni zamanda revanşist dairələr üçün siyasi platforma rolunu oynayır. Bunun ən bariz nümunələrindən biri Fransada fəaliyyət göstərən qondarma "arsax nümayəndəliyi"dir. Beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə sadiqliyini daim bəyan edən bir ölkənin ərazisində heç vaxt tanınmamış və artıq mövcud olmayan bir qurumun "nümayəndəliyi" necə sərbəst fəaliyyət göstərə bilir?
Həmin qurumun təmsilçiləri müxtəlif konfranslarda iştirak edir, Fransa mediasında çıxış edir, siyasətçilərlə görüşür və “beynəlxalq hüquq barədə mühazirələr” oxuyurlar. Əgər Fransa həqiqətən də regionda uzunmüddətli sülhün tərəfdarıdırsa, o zaman seçim etməlidir: ya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməli, ya da artıq tarixə qovuşmuş "arsax"ın olmayan kölgəsində Azərbaycana əssasız ittihamları davam etməlidir. Parisi Azərbaycana münasibətdə “partladan” səbəb nədir?

Deputat Elşad Musayev hesab edir ki, Makron Fransası Ermənistanı və erməniləri himayə etməkdən əl çəkməyəcək. Deputatın fikrincə, bu yanaşma Avropa İttifaqına da təsir edir və dəstəyin tərkib hissəsi həm də separatçılardır. Əvvəlki Fransa iqtidarlarının ermənilərə bu qədər sahib çıxmadığını xatırladan E. Musayevin sözlərinə görə, Makron administrasiyası burada iki məqsəd güdür: "Bura təkcə Azərbaycan yox, Türkiyəyə qarşı siyasət də yer alır. Fransada bir anti-türk ritorikası var. Ona görə də Fransada ayrı-ayrı institutların ermənilərə münasibəti özünü qabarıq göstərir. Digər səbəb isə Ermənistanı Rusiyadan ayırmaq istəyidir. Fransa hesab edir ki, bu yolla erməniləri yanına çəkəcək. Amma bu addımları atarkən Azərbaycanla münasibətləri zədələyirlər. Bizim Fransa ilə hər hansı problemimiz olmayıb. Yəni Şirak, Sarkozi, Ollandın dövründə münasibətlər inkişaf edib. Makron hökuməti, onun senatı isə Azərbaycanı gah təcavüzkarlıqda, gah etnik təmizləmədə ittiham edir. Bu da əlaqələrin inkişafına zərər vurur. Fransa yaxşı bilir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və burada aparılan antiterror əməliyyatı beynəlxalq hüquq normalarına uyğun olub. Həmin separatçılara indi qucaq açmaq isə Avropa, Fransa dəyərlərinə tüpürməkdir".

Deputatın fikrincə, münasibətlərin inkişafı Fransadan asılıdır: "Biz Parislə əlaqələrin hərtərəfli genişlənməsində maraqlıyıq. Amma hər dəfə Fransadan ürəkbulandıran addımlar görmək olur. Halbuki Fransa kimi ölkəyə bir ovuc separatçı ünsürü müdafiə etmək yaraşmır. Qərb dəyərləri tamamilə bunun əleyhinədir. Hazırda Fransa və digər NATO ölkələri Donetsk, Luqansk separatçılarının başına od ələmək üçün Kiyevi silahlandırır. Amma erməni separatçılarına gəldikdə onlara qahmar çıxırlar. Deməli, ikili yanaşma var və bu da qərəzdən, maraqlardan xəbər verir. Bu səbəbdən, qarşıdakı dövrdə fərqli reaksiya gözləmirəm. Nə qədər ki Makron prezidentdir, Fransada bu əhval-ruhiyyə olacaq. Amma onların bu mövqeyi heç nəyi dəyişmir və Azərbaycan doğru siyasətini davam etdirəcək. O baxımdan, Yelisey sarayı Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir”.