Paşinyan daha bir rəqibini həbsə göndərir - Sarukyan saxlanıldı
Erməni milyarder, “Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Sarukyan İstintaq Komitəsinə aparılıb.
Hurriyyet.info erməni mediasına istinadən bildirir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan jurnalistlərə deyib.
O, Tsaxkadzordakı ofisin möhürləndiyini də qeyd edib.
Ermənistan İstintaq Komitəsi Qaqik Sarukyanın evində aparılan axtarışın cinayət işi çərçivəsində həyata keçirildiyini və yaxın vaxtlarda rəsmi məlumat veriləcəyini açıqlayıb.
Cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir və daha sonra rəsmi açıqlama veriləcək.
“Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan Sarukyanın evinin hərbi geyimli silahlı şəxslər tərəfindən mühasirəyə alındığını deyib.
Məlumata görə, erməni milyarderə məxsus eyni vaxtda “Multi Group” şirkətinin bir neçə müəssisəsində, eləcə də Ermənistan Milli Olimpiya Komitəsinin bazasında da axtarışlar aparılıb.
Bir neçə gün əvvəl prokurorluq Sarukyanın toxunulmazlığının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdimat göndərsə də, hələlik məsələ müzakirəyə çıxarılmayıb.
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyən kimi, baryeri aşa bilməyən “Çiçəklənən Ermənistan”a qarşı tədbirlərə srart verilib.
Yayılan son məlumata görə, artıq Sarukyan saxlanılıb. Partiya sədrinin vəkili Yerem Sarkisyan deyib ki, onun məhkəməyəqədərki qətimkan tədbirinin, xüsusən də həbsin müəyyən edilməsi üçün məhkəməyə gətiriləcəyi bildirilir.
Sarkisyan Sarukyanın fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunduğunu bildirib. O, işin Sarukyanın iki ölkə arasında ticarəti inkişaf etdirməyə çalışdığı Ermənistan-İran Palatasının fəaliyyəti ilə bağlı olduğunu izah edib.
“Bu dövrdə müəyyən İran vətəndaşları qanun pozuntularına yol veriblər və bu da onlara qarşı şikayətlərin verilməsinə səbəb olub. Onlar da öz növbələrində İranda öz şikayətlərini veriblər və nəticədə əldə edilən materiallar buraya göndərilib. Daha sonra, hələ də aydın olmayan səbəblərdən, İran tərəfinin materialları əsasında hərəkət edən Ermənistan hüquq-mühafizə orqanları Qaqik Sarukyanı zərərçəkmiş kimi tanınmalı olsa da, onu təqsirləndirilən şəxs kimi təyin etmək qərarına gəliblər.
Təəccüblüdür ki, Ermənistan öz vətəndaşının maraqlarını qorumaq əvəzinə, hər şeyi onun ziyanına edir”, - deyə Sarkisyan vurğulayıb.
O qeyd edib ki, bütün bu hərəkətlərdən əvvəl Sarukyana qarşı birbaşa təhdidlər olub.
“Hətta axtarış zamanı da hakimiyyət nümayəndələri vəd etdiklərini yerinə yetirməklə fəxr etdilər. Sarukyanın aktivləri ilə nə ediləcəyi ilə bağlı ictimai təlimatlar verildi. Bütün hüquq-mühafizə orqanları bu hərəkətləri məhz bu gün başlatmaq qərarına gəldilər, bu da onların vahid mərkəzdən əmr aldıqları deməkdir", - deyə vəkil bildirib.
Partiya sədrinin digər vəkili Emin Xaçatryan bildirdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları işlə bağlı hər hansı əşya və ya sənəd götürməyiblər, götürülən əşyalar isə qanunsuz yolla ələ keçirilib. O, bununla bağlı şikayət veriləcəyini də əlavə edib.