📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov: Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir

2026-07-10 19:33:23

Peskov: Moskva və Ankara

Moskva ilə Ankara Türkiyənin inventarında olan "S-400" zenit-raket sistemlərinin mümkün təkrar satışını müzakirə edir.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada mən bir şeyi deyə bilərəm: bu çox həssas mövzudur. Bizim Türkiyə tərəfi ilə bu mövzuda təmaslarımız olub. Bu təmasları davam etdirəcəyik", - o deyib.

Daha əvvəl "Hürriyet" qəzeti bildirmişdi ki, Türkiyənin Rusiyadan aldığı "S-400"lər Fars körfəzi ölkələrindən birinə satıla bilər. Nəşrin məlumatına görə, Ankara ona ABŞ-nin CAATSA sanksiyalarının təsirindən çıxmağa və "F-35" qırıcılarının istehsalı proqramına qayıtmağa imkan verəcək hüquqi formul axtarır.

Türkiyə 2017-ci ildə Rusiya ilə təxminən 2,5 milyard dollar dəyərində dörd "S-400" divizionunun tədarükünə dair müqavilə bağlayıb. Ankara Rusiya sistemlərini əldə etdikdən sonra ABŞ-nin "F-35" qırıcılarının istehsalı proqramından kənarlaşdırılıb. 2019-cu ildə "Rosoboroneksport" komplekslərin tədarükünün başa çatdığını bildirib.