Peskovdan şok bəyanat: Müharibənin dayanması üçün Ukrayna hansı əraziləri verməlidir?
Rusiya ilə Ukrayna arasında illərdir davam edən qanlı müharibənin hansı şərtlərlə başa çata biləcəyinə dair Kremldən rəsmi və olduqca iddialı bəyanat gəlib.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İsveçrənin məşhur "Die Weltwoche" nəşrinə verdiyi geniş müsahibədə münaqişənin dayandırılmasının yeganə yolunu açıqlayıb. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətə gələrkən öz xalqına müharibəyə son qoyacağı barədə vəd verdiyini xatırladaraq, onun bu vədi hələ də yerinə yetirmək imkanının olduğunu diqqətə çatdırıb.
Kreml rəsmisinin sözlərinə görə, rəsmi Kiyev çox məsuliyyətli bir qərar qəbul edərək öz qoşunlarını Donbasdan – hazırda Rusiyanın tərkib hissəsinə çevrilmiş regionlardan tamamilə çıxarmalıdır.
Peskov vurğulayıb ki, Ukrayna rəhbərliyi artıq de-fakto mövcud olan bu yeni coğrafi və siyasi reallığı de-yure, yəni hüquqi müstəvidə rəsmən tanımalıdır. "Əgər bu qərar verilsə, növbəti gün müharibə artıq başa çatmış olacaq", — deyə Dmitri Peskov Ukraynaya qarşı irəli sürülən ərazi güzəşti şərtini qəti şəkildə ifadə edib.