Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.
İttihama görə, O.Babayev R.Tağıyevdən onun sərəncama göndərilməməsinə köməklik göstərəcəyi vədi ilə 30 min manat alıb. Lakin bir müddət sonra R.Tağıyev həbs olunub.
Şikayət əsasında Respublika Hərbi Prokurorluğunda istintaq aparılıb. İstintaqın yekununda O.Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs nəzərdə tutulur.
Əvvəllər Naxçıvan Hərbi Polis İdarəsinin rəisi də işləmiş polkovnik Babayev 30 min manatın bir hissəsini ödəməyə razılıq verdiyi üçün həbs edilməyib, barəsində alternativ qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Ruhin Tağıyevin cinayət işi də Bakı Hərbi Məhkəməsində araşdırılır. Həmin iş üzrə hələlik hökm çıxarılmayıb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla həbs edilib. Tağıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.