Prezident Əliyevin mesajlarının sirri – Deputat deyir ki...
“Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər artıq ənənəvi olaraq təkcə tədbir iştirakçılarının deyil, bütün regionun və beynəlxalq siyasi dairələrin diqqət mərkəzində olur”.
Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu forum hər il Azərbaycanın qlobal media və siyasi dialoq platforması kimi artan nüfuzunu nümayiş etdirir: “Dövlət başçısının forum çərçivəsində jurnalistlərin suallarına açıq və ətraflı cavab verməsi həm ölkənin mövqeyinin birbaşa beynəlxalq ictimaiyyətə çatdırılması, həm də regionda və dünyada baş verən proseslərə Azərbaycanın baxışının aydın şəkildə ifadə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışlarında və cavablarında yalnız cari gündəmi şərh etmir, eyni zamanda, gələcək siyasi proseslərlə bağlı mühüm mesajlar verir. Bu il də forumda səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik, sülh prosesi, nəqliyyat-kommunikasiya layihələri və qlobal çağırışlarla bağlı ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Şuşadan verilən mesajlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq ekspertlər, media nümayəndələri və siyasi qərarvericilər tərəfindən diqqətlə təhlil edilir”.
Deputatın sözlərinə görə, bu forumu sadəcə media tədbiri deyil: “Bu platforma Azərbaycanın siyasi baxışlarının, strateji hədəflərinin və regional gələcəklə bağlı yanaşmasının dünyaya çatdırıldığı mühüm beynəlxalq dialoq məkanına çevrilib. Prezidentin səsləndirdiyi fikirlər isə həm gündəmi müəyyənləşdirən, həm də beynəlxalq siyasi diskussiyalara istiqamət verən mühüm tezislər kimi dəyərləndirilə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, hazırda dünyada geosiyasi gərginliyin artdığı, yeni güc balansının formalaşdığı bir dövrdə Şuşadan verilən mesajlar daha böyük siyasi çəki qazanır. Bu baxımdan forum yalnız media nümayəndələri üçün deyil, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər və ekspert dairələri üçün də mühüm informasiya və siyasi istiqamət platforması rolunu oynayır”.