Priqojinin oğlu ilə bağlı ŞOK İDDİA yayıldı
"Vaqner" özəl hərbi şirkətinin keçmiş muzdluları Mərkəzi Afrika Respublikasında genişmiqyaslı narkotik şəbəkəsi yaradıblar.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, artıq nə Kremlə, nə də yerli hüquq-mühafizə orqanlarına tabe olan bu qruplaşmaya Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir.
Bildirilir ki, onların əsas gəlir mənbəyi yüksək dozalı tramadol preparatının qanunsuz dövriyyəsidir. Tibbdə ağrıkəsici kimi istifadə olunan bu opioid preparatı yüksək dozada stimulant təsiri göstərdiyi üçün bölgədə "kasıbların kokaini" kimi tanınır.
Tibbi məqsədlər üçün adətən 50-100 mq dozada istifadə olunan tramadolun əvəzinə keçmiş "Vaqner" strukturları 200 mq və daha yüksək dozalı həblərin satışını təşkil edirlər.
Qonşu ölkələrə tramadol qaçaqmalçılığı qruplaşmaya qanunsuz ağac və qızıl ticarətini də genişləndirməyə imkan verib.
"Africa Center for Strategic Studies" analitik mərkəzinin araşdırmasına görə, Priqojinin keçmiş strukturları faktiki olaraq Mərkəzi Afrika Respublikasının təhlükəsizlik sisteminə nüfuz edib, ölkə ordusunda və yerli silahlı dəstələrdə ciddi təsir imkanları əldə ediblər.
WSJ-yə danışan və hazırda Avropada yaşayan keçmiş "Vaqner" muzdlusunun sözlərinə görə, rus muzdluları tramadolu hətta prezident qvardiyasının hərbçilərinə və paytaxt Banqidə müxalifət tərəfdarlarına qarşı zorakılıqlarda iştirak edən "Sharks" adlı gənclər dəstəsinə də çatdırırlar.
Qəzetin yazdığına görə, ekspertlər keçmiş "Vaqner" döyüşçülərinin təsir dairəsinin gələcəkdə qonşu Sudana da yayıla biləcəyindən narahatdırlar.