Putindən Paşinyana “ad günü hədiyyəsi”
Xəbər verildiyi kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana zəng edib. Telefon danışığı zamanı Putin və Paşinyan 29 mayda Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə ediblər.
Eyni zamanda, Putin Ermənistan liderini doğum günü münasibətilə təbrik edib. Lakin bu təbrik Kremlin Ermənistanın kənd təsərrüfatı məhsullarına qarşı növbəti sanksiyaları ilə müşayiət olunub. Yeni qadağalar Paşinyana bir növ “ad günü hədiyyəsi” olub.
Rusiya hökuməti Ermənistandan diri balıq və balıq məhsullarının idxalını kəskin şəkildə məhdudlaşdırıb. Rusiyanın "Rosselxoznadzor" qurumunun iyunun 1-də yaydığı rəsmi bəyanata əsasən, İrəvan iyunun 2-dən etibarən Rusiyaya ixrac ediləcək diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırmalıdır. Qadağadan yalnız Rusiyadan gələn mütəxəssislərin yoxlamasından keçə bilmiş iki müəssisə istisna edilib.
"AzPolitika" xəbər verir ki, Rusiyanın bu sərt addımı ölkə mütəxəssislərinin Ermənistandakı balıq emalı müəssisələrində və qızılxallı farel yetişdirilən fermalarda keçirdiyi təftişin yekunlarına əsasən qəbul olunub.
Rusiya tərəfi yoxlamaların nəticələrinin "qeyri-qənaətbəxş" olduğunu elan edib. "İnterfaks"ın sitat gətirdiyi rəsmi məlumata görə, adı açıqlanmayan həmin iki zavodun məhsulları isə Rusiyaya yalnız "təhlükəsizlik göstəriciləri üzrə ciddi laboratoriya monitorinqi" şərti ilə buraxılacaq. Qurum bu məhdudiyyətin "mövcud vəziyyət tənzimlənənə qədər" qüvvədə qalacağını bəyan edib.
Qeyd edək ki, balıq məhsullarına qoyulan bu qadağa Rusiyanın son günlərdə Ermənistan iqtisadiyyatını çökdürmək üçün atdığı ilk addım deyil.
Moskva bundan əvvəl də erməni məhsullarına qarşı silsilə embarqolar tətbiq edib. Belə ki, 30 may 2026-cı il tarixdən etibarən "Rosselxoznadzor" Ermənistandan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin Rusiyaya idxalını tamamilə qadağan edib.
Bir qədər əvvəl isə qurum Ermənistandan gətirilən canlı güllərin ölkəyə girişinə qadağa qoymuşdu.
Rusiyanın digər bir qurumu - "Rospotrebnadzor" Ermənistanın üç böyük istehsalçısının alkoqollu məhsullarının Rusiyada satışını dayandırıb, həmçinin məşhur erməni mineral suyu olan "Cermuk"un ölkəyə idxalını və satışını tamamilə qadağan edib.
Bütün bu iqtisadi sanksiyalar Ermənistanda 7 iyun tarixinə təyin edilmiş parlament seçkiləri ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərin görünməmiş dərəcədə pisləşməsi fonunda baş verir. Rusiya rəsmiləri Nikol Paşinyan hökumətini kəskin tənqid edərək, onu Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanıb, eyni zamanda Avropa İttifaqına (Aİ) üzv olmağa çalışmaqda - "iki stulda oturmaqda" ittiham edirlər.
Hətta Rusiya öz səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb. Siyasi ittihamlar arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ermənistana etdiyi rəsmi səfər də xüsusi yer tutur. Moskva artıq İrəvanı Ermənistana verilən təbii qazın qiymət müqaviləsinə yenidən baxmaqla (qiymətləri qaldırmaqla) təhdid edir.
Maraqlıdır ki, iyunun 1-də Kremlin rəsmi saytında Rusiya Prezidenti Vladimir Putinin Paşinyana ad günü münasibətilə göndərdiyi təbrik mətni dərc olunub. Təbrikdə deyilir: "Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər ənənəvi olaraq dostluq xarakteri daşıyır. Və biz onların gələcək mütərəqqi inkişafında maraqlıyıq. Sizə cansağlığı, rifah və uğurlar arzulayıq".
Rəsmi təbrik sənədində ölkələr arasında yaşanan və Ermənistan iqtisadiyyatını iflic edən kəskin embarqo prolemlərinin heç birindən bəhs edilməyib.