📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putinin adamı çaşdı və... – Mixalkov Azərbaycan haqda NƏ demişdi?

2026-07-17 16:11:51

Putinin adamı çaşdı və... – Mixalkov Azərbaycan haqda NƏ demişdi?

Rusiyanın tanınmış rejissoru və ziddiyyətli personası Nikita Mixalkov ölkəsinin “Ukrayna bataqlığında” ilişib qalmasına qəribə izah verib. Onun fikrincə, “xüsusi hərbi əməliyyat” (XHƏ) bir çox rusiyalını “aldanış yuxusundan ayılmağa” və baş verənləri yenidən dəyərləndirməyə məcbur eləmiş hadisə olub.

Sitat: “Mən hesab edirəm ki, XHƏ – bəlkə də bu, dəhşətli səslənəcək – Tanrının bizə göndərdiyi bir imkandır ki, aldanış yuxusundan ayılaq. Çoxları ayıldı. Amma yenə biz elə bir ölkədə yaşayırıq ki, onun bir hissəsi döyüşür və həlak olur, digər hissəsi isə bunu anlamaq belə istəmir. Müharibə təkcə atışma, dronlar, partlayışlar, bombalar, pulemyotlar və hücum təyyarələri demək deyil. Müharibə həm də ölkədə yaşayan insanların milli özünüdərkidir, hər bir insanın daxili səfərbərliyidir. Böyük Vətən müharibəsi (2-c Dünya müharibəsi – red.) zamanı insanlar ümumi kədər, ümumi faciə və ümumi qələbə ətrafında birləşmişdilər. Məhz bu da onları bir araya gətirdi”...

Belə. Kremlə, şəxsən Putinə, velikorus ideyalarına sadiq şəxslərdən sayılan, AZAL təyyarəsi ilə bağlı məlum olaylar fonunda – təxminən bir il öncə Azərbaycanı da haqsız yerə hədəf almış Mixalkov görəsən nəyə işarə vurur? Niyə o, dilxor və məyusdur? Müharibə 5 ildə rusları nədən birləşdirə bilməyib? Hərçənd, özləri bunu müharibə yox, “xüsusi hərbi əməliyyat” (“SVO”) adlandırırlar.

Sonra. Doğrudanmı bu adam Rusiyanın öz hərbi hədəflərinə çatmamasının iki son dərəcə ciddi səbəbin hələ də fərqində deyil? O zaman anladaq.

Səbəblərdən biri və birincisi, əlbəttə ki, işğal amilidir. Rusiyaya kim hücum edib ki, cəmiyyət də “За Родину!”, “За Путина!” deyib bir nəfərə kimi döyüşlərə atılsın, Putinin ətrafında birləşsin?

Yəni, hər cür təbliğata, solovyovların, duqinlərin, marqo simonyanların yaxa cırmasına rəğmən, rusların vicdanlı və ağıllı kəsimi bunu çoxdan başa düşüb. Gücü çatan dili ilə etiraz edib, bir başqası bədəni, ayaqları ilə - yəni ölkədən çıxıb getməklə. Gücü çatmayanlar isə susmaqla. Mixalkov isə... Axı, nə əsasla o, 2-ci Dünya müharibəsini Ukraynaya qarşı 5 ildir davam edən hərbi təcavüzlə eyniləşdirir?!

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına 1,3 trilyon dollar zərər  vurub - AZƏRTAC

Rusların konsolidasiyasına əngəl olan ikinci isə səbəb birincidən heç də az önəmli deyil. Bu da Kremlin illərdir düşmən, hətta faşist qismində təqdim elədiyi tərəfin dilbir, dinbir pravoslav Ukrayna xalqı olmasıdır...

O ki qaldı “SVO”nun guya Allahın ruslara lütfü olmasına, Cənabi-Haqq əsla qətliamları, işğalı, zülmü-zorakılığı, uşaq qatillərini təşviq eləməz! Bu, O-nun fitrətinə, zatına ziddir və absurddur. Mixalkov qoy öz çirkin antibəşəri niyyətini Yaradanın adına bağlamasın. Burda deyiblər, “qaçan da “Allah” çağırır, qovan da”...

Və sonda yaddaşı təzələmək və Mixalokovun gerçək siyasi portretini tamamlamaq üçün: bu adam ötən ilin avqustunda müəllifi olduğu verilişdə Azərbaycanı “nankor eks-sovet respublikası” kimi təqdim edib, ölkəmizə qarşı bir sıra yalan və təhrif olunmuş iddialar səsləndirib. Verilişdə, həmçinin, Prezidentin ünvanına təhqiramiz ifadələr səslənmişdi. O Prezident ki, 2015-ci ildə onu “Dostluq” ordeni ilə təltif eləmişdi.

Belə birisinin indi Ukraynaya qarşı haqsızlığı, ümumiyyətlə, haqsızlığı qınaması mümkünmü?

Zahid SƏFƏROĞLU