Putinin yaxtası Şimal Donanmasının bazasına köçürüldü - DRON QORXUSU
Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən "Graceful" yaxtası Baltik dənizindən çıxarılaraq Severomorsk şəhərində yerləşən Şimal Donanmasının əsas hərbi bazasına köçürülüb.
Hurriyyet.info xəbər verir ki, bu barədə Danimarkanın DR teleradio şirkəti peyk görüntüləri və gəmi hərəkəti məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, yaxta Danimarka ərazi sularından Rusiya hərbi esminesi və "Voyevoda" gəmisinin müşayiəti ilə keçib. Keçid zamanı karvan avtomatik identifikasiya sistemində (AIS) marşrutun İstanbul istiqamətində olduğunu göstərsə də, Norveç sahillərinə çatdıqdan sonra transponderlər söndürülüb və gəmilər Rusiya ərazi sularına daxil olub. İyulun 5-də çəkilmiş peyk görüntülərində "Graceful" və "Voyevoda" Severomorskdakı hərbi limanda qeydə alınıb.
DR-nin danışdığı ekspertlərin fikrincə, yaxtanın köçürülməsinin ən ehtimal olunan səbəbi Baltik regionunda Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları və raketləri ilə mümkün hücum riskinin artmasıdır. Ekspertlər yaxtanın təmirə ehtiyacı ola biləcəyini də istisna etməsələr də, təhlükəsizlik amilinin daha inandırıcı olduğunu bildiriblər.