📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qara dənizdə təhlükə böyüdü – Mülki gəmilər risk altında!

2026-07-20 15:30:03

Qara dənizdə təhlükə böyüdü – Mülki gəmilər risk altında!

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. Bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalıb. Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olub, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə ediliblər.

Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində Səməd Nəsrullayevin cənazəsi 17 iyul tarixində ölkəmizə yola salınıb.

Bu gün isə “Babylon” quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidəki dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hüquqşünas Polad Mehdiyev hesab edir ki, Qara dənizdə Türkiyəyə məxsus mülki gəmilərə qarşı hücumlar, o cümlədən həmin gəmilərdə Azərbaycan vətəndaşlarının olması beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğuran məsələdir.

Büromuzun rəhbəri, əmlak hüququ üzrə ekspert Polad Mehdiyev, #Əmlak,  #mülkiyyət, #tikinti, #vəkil, #Arbitrium

Musavat.com-a şərhində o bildirib ki, bu məsələni qiymətləndirərkən ilk növbədə onu qeyd etmək lazımdır ki, müharibə şəraiti beynəlxalq hüququ ləğv etmir: “Əksinə, silahlı münaqişələr zamanı tərəflərin davranışı daha sərt hüquqi normalarla tənzimlənir. Hansı obyektlərin hədəf seçilə biləcəyini, hansılarının isə qorunmalı olduğunu məhz beynəlxalq hüquq müəyyən edir. Bu sahədə əsas hüquqi baza BMT-nin Dəniz Hüququ haqqında 1982-ci il Konvensiyası (UNCLOS), 1949-cu il Cenevrə Konvensiyaları, onların 1977-ci il I Əlavə Protokolu və dəniz müharibəsinin aparılması qaydalarını əks etdirən 1994-cü il San Remo Təlimatı hesab olunur.

Həmin sənədlərə əsasən, mülki ticarət gəmiləri prinsip etibarilə qorunan obyektlərdir və yalnız hərbi məqsədlər üçün istifadə edildiyi sübuta yetirilərsə, legitim hərbi hədəf sayıla bilər. Sadəcə, mülki yük və ya kommersiya malları daşıyan gəmiyə hücum beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirilə bilər. Hər bir hadisə isə ayrıca araşdırılmalıdır. Təəssüflər ki, bu gün ən böyük problem ondan ibarətdir ki, beynəlxalq hüquq qaydaları mövcud olsa da, onları dərhal icra etdirəcək vahid beynəlxalq mexanizm yoxdur.

Mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq praktikada təhlükəsiz dəniz dəhlizlərinin yaradılması, tərəflər arasında xüsusi razılaşmalar, BMT və digər beynəlxalq təşkilatların vasitəçiliyi, həmçinin, peyk nəzarəti və naviqasiya xəbərdarlığı sistemlərindən istifadə edilir. Lakin hazırda Qara dənizdə bu mexanizmlərin əksəriyyəti məhdud fəaliyyət göstərir və müharibənin intensivliyi riskləri artırır”.

Hüquqşünas əlavə edib ki, mülki gəmiçiliyin təhlükəsizliyi beynəlxalq hüquq normalarından daha çox, siyasi iradə, diplomatik razılaşmalar və beynəlxalq nəzarət mexanizmləri ilə mümkündür: “Dövlətimiz üçün isə bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki həm strateji müttəfiqi Türkiyənin ticarət gəmiçiliyi, həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyi də birbaşa bu proseslərdən təsirlənir”.

Nigar Həsənli