📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qara panamalı qadın və Monakoda sui-qəsd... - Ukraynalı milyarderi kim hədəf alıb?

2026-07-03 20:40:58

Qara panamalı qadın və Monakoda sui-qəsd... - Ukraynalı milyarderi kim hədəf alıb?

İnterpol 39 yaşlı Ukrayna vətəndaşı Anastasiya Berezovskayanı beynəlxalq axtarışa verib.

“AzPolitika” xarici mətbuata istinadla xəbər verir ki, o, Monakoda tanınmış ukraynalı iş adamı, milyarder Vadim Yermolayevə qarşı həyata keçirilən sui-qəsddə və qəsdən adam öldürməyə cəhddə şübhəli bilinir.

Axtarış kartında Berezovskayanın alman dilində rəvan danışdığı qeyd olunub. Monako prokurorunun müavini Morqan Reymond isə şübhəlinin bundan əvvəl Almaniyada yaşadığını bildirib.

“Daily Mail” qəzetinin istintaqdakı mənbələrə istinadən yaydığı məlumata görə, qadını hadisə şahidi tanıyıb. Təhlükəsizlik kameraları onun cinayətdən sonra qara panamada, pasport nəzarətindən keçmədən piyada şəkildə Fransanın Bosolef kommunasına adladığını qeydə alıb. İstintaqın versiyasına görə, o, daha sonra tərəfdaşları ilə birlikdə İtaliya istiqamətinə yollanıb.

 

Sui-qəsd hadisəsi iyunun 29-u axşam saatlarında Monakonun Reveran-Per-Lui-Frolla küçəsində baş verib. İş materiallarına əsasən, şübhəli şəxs idarəolunan partlayıcı qurğunu “Sun's Palace” yaşayış binasının girişində gizlədib. O, təxminən 12 metr məsafədən mobil telefon vasitəsilə bombanı işə salıb. Güclü partlayış nəticəsində ukraynalı biznesmen Vadim Yermolayev, onun həyat yoldaşı Anna Nasobina və cütlüyün azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki ölkənin – Monako və Fransa prokurorluqları faktla bağlı qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmə və cinayətkar əlbir olmaq maddələri ilə cinayət işi açıb.

Hədəfə alınan zərərçəkmiş Vadim Yermolayev əslən Ukraynadan olsa da, Kipr vətəndaşlığı daşıyır. “Forbes Ukrayna” nəşrinin məlumatına görə, 2021-ci ildə onun sərvəti 220 milyon dollar həcmində qiymətləndirilib. İş adamı “Alef” şirkətlər qrupunun sahibidir və 2019-cu ildə rəsmi olaraq Ukrayna vətəndaşlığından imtina edib.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski Vadim Yermolayevə qarşı fərdi sanksiyalar tətbiq edib. Sahibkar Krımın ilhaqından sonra yarımadadakı alkoqollu içki biznesini saxta şəxslərin adına keçirməkdə və Rusiya qanunvericiliyinə uyğun olaraq fəaliyyətini davam etdirərək kölgə iqtisadiyyatına şərait yaratmaqda şübhəli bilinirdi.