📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qarabağ” bu gün cavab oyununa çıxır

2026-07-16 22:40:22

“Qarabağ” bu gün cavab oyununa çıxır

Bu gün Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə cavab oyununa çıxacaq.

Musavat.com-un məlumatına görə, “Thróttarvöllur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun, VAR: Tomaş Koçourek, AVAR: Ondrjey Berka idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər matçından öncə komandanın hazırlıq durumu barədə danışarkən deyib ki, ümumən komanda oyuna tam hazırdır. “Rəqibi yaxından tanımışıq və oyunumuzu təhlil etmişik. Uzun yol gəlmişik və yolda olduğumuz üçün təbii ki, müəyyən qədər yorğunluq var. Buna baxmayaraq ümid edirəm ki, futbolçularımız sabahkı matça tam hazır olacaq və motivasiyalarını qoruyacaqlar”, baş məşqçi bildirib.

“Vestri” Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, “Qarabağ”a qarşı olub. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Qarşılaşmada məğlub olan komanda isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.